Bakı, 18 mart, AZƏRTAC
Martın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Çanaqqala zəfərinin 100-cü ildönümünə həsr olunmuş “Çanaqqala zəfəri və şəhidlərimizi anma” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Türkiyənin və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə Çanaqqala savaşında, eləcə də hər iki ölkənin ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda həlak olmuş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi Yusif Məmmədov bildirib ki, bütün türk dünyasının tarixinə böyük qəhrəmanlıq və hərbi şücaət salnaməsi kimi daxil olmuş Çanaqqala zəfərindən 100 il keçir. Çanaqqala zəfəri haqqında danışmaq üçün, ilk növbədə, həmin dövrün tarixi-siyasi şəraitinə diqqət yetirmək vacibdir. Çanaqqala döyüşü Birinci Dünya müharibəsi illərində (1914-1918), daha dəqiq desək, 1915-1916-cı illərdə Osmanlı dövləti ilə İttifaq dövlətləri (İngiltərə, Fransa və s.) arasında dənizdə və quruda aparılan böyük döyüş olub. Həmin dövrdə İttifaq dövlətləri Osmanlı dövlətinin paytaxtı İstanbulu işğal edərək boğazları ələ keçirmək və bununla da Rusiya üçün etibarlı ticarət və hərbi yol açmaq istəyirdilər. Eyni zamanda, onlar Almaniyanın müttəfiqlərindən olan Osmanlı dövlətini zəiflətmək məqsədilə Çanaqqalanı hədəf seçmişdilər. Çünki Çanaqqalanın işğal edilməsi bütünlükdə Osmanlı dövlətinin tamamilə məhv edilməsi demək idi. Lakin İttifaq dövlətlərinin qoşunlarının çoxsaylı hücumları uğursuzluqla nəticələnmişdir. Məşhur Çanaqqala döyüşü Osmanlı dövlətinin möhtəşəm qələbəsi kimi tarixə düşmüş, hər bir vətəndaşın xatirəsində qalmışdır.
Türkiyənin Azərbaycandakı təhsil müşavirinin müavini İdris Göbütoğlu tədbirin təşkilatçılarına təşəkkürünü bildirib, tələbə gənclərə daim Vətən, xalq, dövlət, bayraq kimi yüksək dəyərlər uğrunda mübariz olmağı tövsiyə edib.
Sonra “Çanaqqalada yaşanmış həyat hekayəsi” və “Çanaqqala tarixi” mövzusunda məruzələr dinlənilib.
Türkiyəli tələbələrin idarə heyətinin və tələbə gənclər təşkilatının ADPU-nun müəllimlərinin çıxışları əsasında hazırladıqları videogörüntü təqdim edilib.
Tələbə gənclər “Bayraq”, “Dur, yolçu!”, “Bu Vətən kimin?”, ”Çanaqqala zəfəri” şeirlərini söyləyiblər. Tədbir “Çanaqqala türküsü” türk xalq mahnısının səsləndirilməsi ilə yekunlaşıb.
