Azərbaycan Prezidenti İlham Əliyev Rəşid Behbudovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

2015-ci ilin dekabr ayında dünya şöhrətli musiqi xadimi, görkəmli müğənni və tanınmış ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının xalq artisti, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəşid Məcid oğlu Behbudovun anadan olmasının 100 illiyi tamam olur.

Axşam.az-ın məlumatına görə, dövlət başçısı Azərbaycan mədəniyyətinin inkişafı və təbliği naminə misilsiz xidmətlər göstərmiş qüdrətli sənətkar Rəşid Behbudovun 100 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıb ki, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi görkəmli musiqi xadimi Rəşid Behbudovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

Dövlət başçısı, həmçinin Əlağa Vahidin 120 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

2015-ci ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair Əlağa Vahidin (Əlağa Məmmədqulu oğlu İsgəndərovun) anadan olmasının 120 illiyi tamam olur.

Vahid milli poeziyanın qədim ənənələrini yeni dövrdə yüksək sənətkarlıqla davam etdirmiş və qəzəl janrının son dərəcə mükəmməl nümunələrini yaratmışdır. Şairin dərin lirizmi ilə səciyyələnən diqqətəlayiq zəngin bədii irsi çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus bənzərsiz hadisədir.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, görkəmli Azərbaycan şairi Əlağa Vahidin 120 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

Nazirlər Kabineti bu sərəncamlardan irəli gələn məsələləri həll edəcək.