Bakı, 18 mart, AZƏRTAC
Avropanın İqtisadi və Biznes Araşdırmaları Mərkəzinin hesabatında qeyd olunub ki, bulud texnologiyalarının 2015-ci ilədək inkişaf etməkdə olan Avropa ölkələrinin iqtisadiyyatına il ərzində verəcəyi səmərə 177, 3 milyard avro həcmində olacaq. Bu artımdan Almaniyanın payına 49,6, Fransanın payına 37,4, İtaliyanın payına 35,1, Böyük Britaniyanın payına 30, İspaniyanın payına 25,2 milyard avro düşəcək. Azərbaycan da iqtisadi artıma təkan verən bu inkişaf tendensiyasından geri qalmamalıdır.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin direktor müavini Məzahim Quliyev AZƏRTAC-a deyib ki, ona görə də zaman itirmədən ölkəmizdə də bulud texnologiyalarına keçidin sürətləndirilməsi günün tələbidir: “Biz rəqabətədavamlı Data mərkəz yaratmaq niyyətindəyik. Belə bir irimiqyaslı layihə ölkəmizdə ilk dəfə həyata keçirilir. Məqsədimiz ən son innovativ texnologiyalar əsasında son istifadəçilərə yüksək keyfiyyətli xidmətlər göstərməkdir. Bununla, belə bir infrastrukturun yaradılması biz Azərbaycanı İKT sahəsində regional liderə çevirəcəyik. Bu irimiqyaslı layihə regionda iqtisadi inkişafın katalizatorlarından biri olmaqla ölkənin modernləşmə prosesinə də mühüm töhfəsini verəcəkdir”.