Yolçu Xanvəli: “Ət kəsiminin vahid mərkəzlərdə olması bu sahəyə daha yaxşı nəzarət etməyə imkan yaradacaq”
Yaxın zamanlarda Bakıda ət kombinatlarının istifadəyə veriləcəyi gözlənilir. Bununla isə şəhərdə olan bir çox ət kəsimi yerləri ləğv ediləcək. Bir müddətdən sonra isə Bakıya rayonlardan gətirilən diri heyvanlar buraxılmayacaq. Ət kombinatları istifadəyə veriləndən sonra tələblərə cavab verməyən sallaqxanalar yığışdırılacaq. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli qəzetimizə açıqlamasında bildirdi ki, ət kombinatlarının yaradılması qeyri-qanuni, qeydiyyatdan kənar yerlərdə heyvan kəsiminin qarşısını almağa kömək edəcək. Ət kəsimi yerlərində sanitariya vəziyyətinə nəzarət etmək, insanları sağlam qida məhsulu ilə təmin etmək məqsədilə bu addımlar atılıb.

Y.Xanvəli deyir ki, kombinatların yaradılması ilə ət kəsiminin kimlərinsə əlində cəmləşməsi, monopoliya kimi məsələlər yanlış fikirdir: “Bu kombinatlarda da qəssablar fəaliyyət göstərəcəklər. Şəhərdə iş istəyən qəssablar həmin kombinatlarda işlə təmin olunacaqlar. Kimlərinsə əlində cəmləşib, qanuni yolla işlər görülüb, insanların sağlamlığına xidmət etmək yaxşıdır, yoxsa qeyri-qanuni fəaliyyət? Şəhərdə harda gəldi heyvanın kəsilməsi düzgün deyil. Ət kəsiminin vahid mərkəzlərdə olması bu sahəyə daha yaxşı nəzarət etməyə imkan yaradacaq. Kəsilən heyvanın sağlamlığı, harada kəsilməsi, hansı təsərrüfatdan olması tam aydınlığı ilə bəlli olacaq. Bir əldə cəmləşmə ilə bağlı deyilənlər mənasız sözlərdir. İnsan sağlamlığından önəmli heç nə yoxdur. Bu addım isə insanların sağlamlığı düşünülərək atılıb”.

Y.Xanvəli deyir ki, ət kombinatlarının yaradılması şəhərdə bütün qəssabxanaların yığışdırılması anlamına gəlməməlidir: “Qeyri-qanuni fəaliyyət göstərən qəssabxanalar yığışdırılacaq. Pərakəndə formada, hansısa tində, küncdə ət kəsimi prosesi aradan qaldırılacaq. Standartlara cavab verən, tələbləri nəzərə alan kəsim məntəqələrinə toxunulmayacaq. Hazırda qeydiyyatda olan 8 kəsim məntəqəsi var. Əgər onlar da işlərini müasir, beynəlxalq standartların tələblərinə uyğun qura biləcəklərsə, fəaliyyətlərini davam etdirəcəklər. Amma qanunsuz kəsim yerləri ləğv ediləcək və bizim məqsədimiz də budur”.

Mətbuat xidmətinin rəhbəri deyir ki, kombinatların yaradılması tikinti işlərinin yekunlaşdırılmasından asılıdır. Ət kombinatlarının tikintisinin 3 istiqamətdə - Hacıqabul-Qaradağ, Şamaxı, Sumqayıt-Xaçmaz istiqamətində tikilməsi nəzərdə tutulur.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da kəsimə nəzarət cəhətdən ət kombinatlarının yaradılmasını vacib hesab edir: “Paytaxt sanki qəssabxanaya dönüb. Harada gəldi, sağlamlığı məlum olmayan heyvanlar kəsilib, satılır. Hətta regionlardan murdar olmuş, xəstəlikdən ölmüş heyvanları Bakıya gətirən qruplar var. Belə bir addımın atılması çoxdan zəruri idi. Nəinki diri heyvanlar, cəmdəklərin də gətirilməsinə nəzarət etmək lazımdır. Çünki murdar olmuş heyvanların da gətirilməsinin qarşısı alınmalıdır. Kəsim sexindən şəhərə virtual bir hasar çəkmək lazımdır ki, mənşəyi məlum olmayan ət daxil olmasın. Bu həddindən artıq zərurirdir. Bu yolla qanunsuz qəssabxanaları sıradan çıxarmaq olar. Qəssablarda olan saxta baytar möhürləri yığışdırılmalı, bazarlardakı ekspertiza laboratoriyaları normal işə başlamalıdır ki, heyvanların ətləri ekspertizadan keçsin. Adı olub, özü olmayan ekspertizalar ləğv olunmalıdır”.

E.Hüseynovun sözlərinə görə, diri heyvanlar şəhərə buraxılmasa, Bakıdakı qanunsuz heyvan kəsimi yerləri avtomatik olaraq yığışdırılacaq. AİB sədri onu da bildirdi ki, ət kəsiminin şəhərdən kənar məntəqələrdə aparılması əhəmiyyətli addımdır. Amma burada problem əhalinin inamını qazanmaqla bağlı ola bilər: “Camaat əti diri heyvan kəsilən yerdən ona görə alır ki, gözü ilə kəsilən heyvanı görür. Yalançı ekspertizaya əhalinin inamı olmadığı üçün gözü ilə gördüyü məhsula tələbat yaradır. Baytarlar gərək bu yeni başladıqları işdə istehlakçıların inamını qazana bilsinlər. Baytarlar əhalinin inamını qazanmalıdırlar ki, doğrudan da ekspertiza aparılır və təhlükəli mal Bakıya daxil olmur. Bu cür inam olarsa, əhalidə təmiz, sağlam mal satılan yerlərə tələbat yaranar”

Kaspi.az