Bakı, 18 mart, AZƏRTAC
Azərbaycanın milli peyk operatoru “Azərkosmos” ASC-də “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində ağacəkmə aksiyası keçirilib.
ASC-dən AZƏRTAC-a bildiriblər ki, aksiya “Azərkosmos” ASC-nin 120 əməkdaşının iştirakı ilə Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində baş tutub. Azərkosmos əməkdaşları mərkəzin ərazisində iydə, akasiya, söyüd və şam ağaclarına, ərazidəki yaşıllıqlara qulluq edib, abadlıq işləri aparıblar. Tədbirin keçirilməsində məqsəd ağac əkməklə ekoloji balansın bərpasına, təbii mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək və insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək olub.
Sonra “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi barədə tədbir iştirakçılarına geniş məlumat verilib. Bildirilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çoxsaylı tədbirlər və layihələr həyata keçirilib. Leyla Əliyevanın rəhbərliyi ilə ölkəmizdə növbənöv ağaclar əkilib, ağacların kəsilməsinin qarşısının alınması ilə bağlı bir sıra tədbirlər həyata keçirilib, sahibsiz heyvanlar üçün sığınacaqlar təşkil olunub, ekoloji tədbirlər və müsabiqələr təşkil olunub, sənaye və məişət tullantılarının azaldılmasına yönəlik layihələr gerçəkləşdirilib.


