Bakı, 18 mart, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində (QSC) Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəhbəri Nadir Əzməmmədov AZƏRTAC-a bildirib ki, görüşdə QSC-nin sədri Cavid Qurbanov Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.
Sonra təkmilləşdirilməsi nəzərdə tutulan Bakı-Sumqayıt dəmir yolu xəttinin müxtəlif variantlarını özündə əks etdirən çarx nümayiş olunub.
C. Qurbanov Bakı-Sumqayıt dəmir yolu xəttinin yenidən qurulmasının əhəmiyyətindən, əhalinin sərnişindaşımaya olan tələbatının bu istiqamətdə ödənilməsindən və avtomobil nəqliyyatına alternativ dəmir yolunun yaradılmasının vacibliyindən də danışıb.
Asiya İnkişaf Bankının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Olli Noroyono ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi ilə bağlı müzakirələrin davam etdirilməsinin vacibliyini vurğulayıb.