Qazax, 18 mart, AZƏRTAC
Ölkəmizin hər yerində olduğu kimi, Qazax rayonunun şəhər və kəndləri də bayramsayağı, Novruz atributları ilə bəzədilib.
Baharın gəlişi münasibətilə təşkil olunan bayram şənliyi Qazax şəhərindəki Mədəniyyət Mərkəzində başlayıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə mərkəzin foyesində təşkil olunan sərgiyə baxış keçirilib.
Tədbiri rayon İcra hakimiyyətinin başçısı Ayaz Əsgərov açaraq iştirakçıları bayram münasibətilə təbrik edib.
Sonra bayram şənliyi Rayon Mədəniyyət Mərkəzinin qarşısında davam etdirilib. Kosa və Keçəlin, Bahar qızın söylədikləri şeir, məzəli əhvalatlar, Qazax Dövlət Dram Teatrının aktyorlarının ifasında göstərilən tamaşalar, Novruzla bağlı adətlər, “Vurğun” instrumental ansamblının üzvlərinin ifasında oxunan rəngarəng mahnılar və müxtəlif rəqslər rayon əhalisinin və tamaşaçıların sevincinə səbəb olub, onların bayram əhval-ruhiyyəsini daha da artırıb.
