Ermənistanla sərhədlərin açılması və münasibətlərin normallaşması məsələsi son günlər Türkiyənin ictimai-siyasi həyatında geniş müzakirə olunan aktual məsələlərdən birinə çevrilib. Həm bəzi QHT-lərin, həm də bir sıra media qurumlarının ictimailəşdirdiyi fikirlərdən belə məlum olur ki, rəsmi Ankara qondarma erməni soyqırımının yüz illiyi ərəfəsində sərhədlərin açılması məsələsinə yenidən baxacaq. Bu ehtimalları daha da gücləndirən məqamlardan birincisi Ermənistanla sərhədlərin açılması məsələsinin Türkiyənin baş naziri Əhməd Davudoğlunun planlarına daxil olmasıdır. Belə ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan torpaqları və Qarabağ işğaldan azad olmayınca Ermənistanla sərhədlərin açılmayacağını desə də, Ə.Davudoğlu Türkiyə erməniləri ilə görüşdə: “Ermənistan heç olmasa bir Azərbaycan rayonunu işğaldan azad etsəydi, sərhədləri açacaqdıq”,- deyə öz təəssüfünü bildirib. Bununla yanaşı, o, Etyen Mahcupyan adlı Türkiyə ermənisini də bir müddət əvvəl özünə müşavir təyin edib. Hər iki ölkə arasında sərhədlərin açılma ehtimalını yaradan başqa bir məqam isə Avropanın 250 milyon avro büdcə ayıraraq, Türkiyədə “Ermənistan-Türkiyə normallaşma prosesinə dəstək proqramı” adlı çoxşaxəli fəaliyyət platformasını işə başlatmasıdır. Burada da məqsəd cəmiyyəti Türkiyə-Ermənistan münasibətlərinə kökləmək, iki ölkə arasında sərhədlərin açılmasına nail olmaqdır.Politoloqların fikrincə, Azərbaycanla Türkiyəni birləşdirən milli-mənəvi bağlar Ermənistanla sərhədlərin açılmasından daha qiymətlidir
Türkiyə-Ermənistan sərhədlərinin açılma ehtimalı ilə bağlı fikirlərini “Kaspi”yə bölüşən politoloq Qabil Hüseynli iki ölkə arasında sərhədlərin 1993-cü ildə bağlandığını bildirib. Qeyd edib ki, o zaman rəsmi Ankara Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsinə etiraz əlaməti kimi belə bir addım atıb: “Konkret olaraq Kəlbəcərin işğalından sonra bu iki ölkə arasında sərhədlər bağlanıb və bu addım Azərbaycan xalqı tərəfindən müsbət qarşılanıb. Amma bu da danılmaz faktdır ki, sərhədlərin bağlanması yalnız Azərbaycanla əlaqəli deyil. Ermənistan konstitusiyasında Türkiyənin ərazi bütövlüyünü təhdid edən maddələr var. Rəsmi İrəvan Türkiyənin əzəli torpaqlarına qarşı dövlət səviyyəsində iddia ortaya qoyub. Bundan başqa, Ermənistan Türkiyəni 1915-ci ildə ermənilərə qarşı “soyqırımı” törətməkdə günahkar bilir. Tələb edir ki, Türkiyə bu “soyqırımı” tanısın, ermənilərə təzminat ödəsin. İndinin özündə də Ermənistan “soyqırımı” ilə əlaqədar bəyanatlar yayır, Türkiyəyə qarşı siyasi, iqtisadi, maliyyə və ərazi iddiaları irəli sürür. Yəni ötən illərdə Ermənistanın işğalçılıq siyasətində heç nə dəyişməyib. Belə olan halda iki ölkə arasında sərhədlərin açılması Türkiyənin Ermənistan qarşısında geri çəkilməsi, uduzması kimi də başa düşülə bilər. Digər tərəfdən, Türkiyə cəmiyyətinin özü də buna getməz, hökumətin bu siyasətinə dərhal etirazlarını bildirərlər. Xatırlayırsınızsa, 2009-cu ildə Türkiyənin təşəbbüsü ilə Ermənistanla danışıqlar aparılırdı. Avropa İttifaqı və ABŞ-ın moderatorluq etdiyi bu danışıqlar son dərəcə məxfi idi. Danışıqların nəticəsi olaraq, 2009-cu ildə Sürixdə xarici işlər nazirləri Əhməd Davudoğlu ilə Edvard Nalbandyan tərəfindən Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasını ehtiva edən protokol imzalandı. Amma bu zaman Türkiyə hökuməti güclü daxili təzyiqlərə məruz qaldı. Ermənistanda isə Türkiyənin aşağılanmasına başlanıldı, türk rəsmilərinin ünvanına müxtəlif təhqiramiz yazılar mediada yer aldı. Erməni cəmiyyətinin özü də bu protokolları qəbul etmədi. Rəsmi İrəvan bununla 2009-cu ildə imzaladığı sənəddən imtina etdi. Ona görə də Türkiyə tərəfindən sərhədlərin açılması məsələsinin yenidən gündəmə gətirilməsini effektli addım hesab eləmirəm. Avropa ölkələri Türkiyə Ermənistan sərhədlərinin açılması üçün hətta böyük məbləğdə pullar xərcləsə də, ortaya siyasi iradə qoysa da, Serj Sərkisyan belə bir addım atmaq üçün öz “ağa”sından – Rusiyadan mütləq icazə almalıdır. Belə “icazəni” isə ona verməzlər”.
Siyasi şərhçi Natiq Miri regionda çox böyük geosiyasi dəyişikliklərin, eyni zamanda, geosiyasi oyunların getməsinə diqqət çəkib. Deyib ki, belə bir şəraitdə regionun güclü dövləti olan Türkiyə öz mövqeyini daha da gücləndirmək istəyir. Onun fikrincə, regionda, eləcə də Yaxın Şərqdə Türkiyənin güclənməsi həm də Qərbdə bu dövlətin mövqeyinin güclənməsinə gətirib çıxarır. Ona görə də Ermənistan məsələsi bu gün Türkiyə üçün müəyyən mənada çox həssas mövzulardan biridir. N.Miri Ermənistan və Türkiyə sərhədlərinin açılmasını məqbul hesab etməyib: “Bu, imkansız məsələdir. Çünki sərhədlərin açılması istiqamətində aparılan danışıqlarda bu günə kimi hər hansı irəliləyiş əldə olunmayıb. Sərkisyan hakimiyyətinin bu gün ictimai-siyasi rəydə uduzduğu birmənalıdır. Ermənistan prezidenti Avrasiya İqtisadi Birliyinə doğru addım atandan sonra da özü və ölkəsi barədə müsbət rəyin yaranmasına nail ola bilməyib. Hətta bu birliyin son iclasına Ermənistan dövlət başçısı dəvət olunmadı. Belə olan halda yeganə çıxış yolu qondarma soyqırımı yönündə müəyyən dvidentlər qazanmaqdır. Ancaq rəsmi İrəvanın bu niyyəti də baştutan deyil. Gündəmi izləsək, görərik ki, Ermənistanda qondarma soyqırımı ilə bağlı gerçəkləşəcək tədbirdə iştirak edən rəsmilərin siyahısı çox məhduddur”.
Politoloq hesab edir ki, indiki şəraitdə sərhədlərin açılması üçün Ermənistan tərəfindən Türkiyəyə yönəlik müəyyən güzəştlər olmalı, bir sıra addımlar atılmalıdır: “Ancaq hazırda həmin güzəştləri görmürük. Ermənistan Türkiyəyə qarşı əsassız ərazi iddiasından əl çəkmir, “soyqırımı” tanımağı, buna görə təzminat ödəməyi tələb edir və bütün bunların gerçəkləşməsi üçün dünyada geniş təbliğat aparır. Belə olan halda Türkiyə nə üçün Ermənistana güzəştə getməlidir ki? Digər bir mühüm məsələ Azərbaycanın siyasi maraqlarının nəzərə alınmasıdır. Rəsmi Ankara bu maraqları gözardı etməklə sərhədləri açarsa, Türkiyəyə heç nə qazandıra bilməyəcək. əksinə, AKP iqtidarı türk dünyasına açılan yeganə qapını – Azərbaycanı itirmək təhlükəsi ilə üz-üzə qalacaq. Bu, Türkiyənin dövlət maraqlarına uyğun deyil. Azərbaycanla Türkiyəni yalnız siyasi maraqlar deyil, eyni zamanda milli-mənəvi bağlar birləşdirir. Fikrimcə, bunun dəyəri Türkiyə üçün daha qiymətlidir, nəinki Ermənistanla sərhədlərin açılması. Sərhədlərin açılması məsələsinin rəsmi Ankara tərəfdən gündəmə gətirilməsi sadəcə olaraq beynəlxalq ictimai rəy yaratmaq, qısamüddətli siyasi dividentlər qazanmaq, “soyqırımı” ilə bağlı Türkiyəyə yönəlik mümkün təzyiqləri yumşaltmaq üçündür”.
Kaspi.az