Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir Səba Ağayeva/
Latviya Dağlıq Qarabağda qondarma "parlament seçkiləri"ni heç vaxt tanımayıb və mayda keçiriləcək “seçkilər”i də tanımayacaq. Bunu Trend-ə Latviya Xarici İşlər Nazirliyindən (XİN) Dağlıq Qarabağda bu il mayın 3-nə planlaşdırılan qondarma "parlament seçkiləri" ilə bağlı ölkənin mövqeyini şərh edərkən deyiblər.
XİN-in mətbuat katibi İvars Lasis bildirib: “Biz əminik ki, Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə beynəlxalq hüquq və dövlətlərin suverenliyi və ərazi bütövlüyünün baza prinsipləri əsasında həll edilməlidir”.
Onun sözlərinə görə, Latviya ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin nizamlanmasına yönəlmiş danışıqları dəstəkləyir: “Latviya hesab edir ki, münaqişənin nizamlanması prosesində Ermənistan və Azərbaycan arasında yüksək səviyyədə birbaşa təmaslar çox vacibdir. Münaqişənin davamlı nizamlanmasının əldə edilməsinə yönəlmiş səylər davam etdirilməlidir”.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az