Səksəninci illərdə istehsal edilən filmlərin çoxunda eyni süjet xəttinə rast gəlmək olardı: qlobal problemi olan günahsız adamlar və ya peşəkar oğru dəstəsi banka silahlı basqın edirdilər. Bank işçilərini qorxudub pulları kisələrə doldurub aradan çıxırdılar. İndi belə filmlər çəkilmir. Banklar imkan vermir. Bu funksiyanı banklar çoxdan öz üzərinə götürüb. Artıq iş o yerə çatıb ki, kredit borcu olmayana ətrafı pis gözlə baxır. Onu korrupsiyada, rüşvətdə günahlandırır. Krediti yoxdursa, necə dolanır deyə düşünürlər.

Kredit həm də insanla Allah arasındakı vasitəyə çevrilib. Naşükür bəndələr yalnız kredit götürdükdən sonra anlayırlar ki, keçmiş, kreditsiz həyatlarında nə qədər xoşbəxt olublar.

Artıq kreditə tualet kağızı da almaq olar. Yetər ki, tualet kağızının ödənişini divar kağızının qiymətində ödəməyə hazır olasan. Adamlar əşyalara görə həyatlarını kreditə qoyublar. Tutaq ki, nimdaş bir divan almaq üçün səhərdən axşama qədər işləyirsən. Hər ay banka divanın pulunu ödəyirsən. Səhər çıxıb axşam qayıtdığına görə, mətbəxdən yataq otağına su ilanıvari gedişlər edirsən. Beləliklə, sənin gün ərzində işlədiyin ofisin fırlanan kreslosunda “mazol” atmış gündəyməzinlə divanın görüşü baş tutmur ki, tutmur.

Yeni evlənmiş cütlüyün evinə qonaq gedirsən. Evin özü daxil olmaqla bütün əşyalar kreditə alınıb. Şükr edirsən ki, adamlar özünü banka zamin qismində təqdim etməyiblər. Məlum olur ki, toy etdirdikləri şadlıq evində çoxdan zamində olduqları üçün bank qəbul etməyib.

Xalq toplu dualara hazırlaşır. “Gələn ili Şuşada, Xankəndində keçirək” söhbəti çoxdan ironiya predmetinə çevrilib. Toplu dualarda insanlar kredit borclarının qəfildən silinməyini diləyirlər. “Diləyir” isə “dilənir”lə həmqafiyədir.

Kreditlə satılan əşyaların üstündə verilən hədiyyələr isə ayrı aləmdir. Paltaryuyan maşın alırsınız. Üstündə sizə ütü yox, ütünün maketini verirlər. Siz isə maketə ütü münasibəti göstərməkdə inad edirsiniz. Çalışdırmaq üçün dirəniş göstərirsiniz. Ütü dil açıb dillənir ki, əl çək.

Adamlara kredit kartının hədiyyə, kreditə verilmiş pulun müavinət olmadığını başa salmamış banklar qapılarını taybatay vətəndaşın üzünə açdı. İçəri daxil olduqdan sonra isə onları mədəni ofis şəraitinə həbs etdi. Bir dəfə kredit götürən vətəndaş ikinci, üçüncü və ya daha çox dəfələrlə götürməyə mexaniki məcbur oldu. Daha çox kredit götürənləri, vaxtında ödəyənləri isə yüksək rütbəli həbs cəzası gözlədi. Qızıl, gümüş, kauçuk kartlar meydana çıxdı.

P.S. Kim - Tanrı. Funksiyası türkü qorumaq. Kimdən-banklardan.

Günay Arda
Milli.Az