İçərişəhərdə Azərbaycanın əfsanəvi cazmeni, dövlət mükafatı laureatı Vaqif Mustafazadənin 75 illik yubileyi münasibətilə keçirilən “Vaqifsayağı” caz festivalı maraqlı anları ilə yadda qalıb.

ANS PRESS-in məlumatına görə, festivalda əvvəlcə yerlərə xalılar salındı, döşəkçələr düzüldü. Daha sonra iştirakçılara Vaqifsayağı görkəm verildi. Havanın soyuq keçməsi nəzərə alınaraq, iştirakçılar isti çayla və milli şirniyyatlarımızla təmin edilmişdi.

Festival iştirakçılarının əksəriyyəti gənclərdən ibarət idi. Onlardan bir qismi, yol ötərkən, ya da məhlələrində səsi eşidərək gəldiyi üçün nəyin baş verdiyindən və hətta Vaqifin kim olduğundan xəbərsiz idi. Lakin festivalda vaqifsevərlərin üstünlük təşkil etməsi sevindiri hal oldu.

Yağmurlu havada baş tutan tədbirdə çıxış edən hər bir ifaçı gənclərin ruhunu oxşadı. Xüsusən də Sevda Ələkbərzadənin səhnə alması ilə gənclər daha da coşdu. Onlar müğənni ilə birlikdə “Sarı gəlin” mahnısını da ifa etdilər.

Müğənni isə dinləyicilərin bu sevgisindən məmnun qaldığını dilə gətirdi və təşəkkürünü bildirdi.

Mənbə
ANS PRESS