Bakı, 16 mart, AZƏRTAC 
Respublikanın daxili işlər orqanlarının əməkdaşları Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində işləyəcəklər. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əmrə əsasən, Novruz bayramı şənlikləri və digər kütləvi tədbirlər zamanı ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunmasının, xidməti vəzifələrin icrasının yüksək səviyyədə və daha mütəşəkkil təmin edilməsi məqsədilə DİN-in bütün orqan və hissələrinin şəxsi heyəti martın 20-dən 29-dək gücləndirilmiş iş rejimində işləyəcək.
Bayram günlərində ictimai yerlərdə və küçələrdə xoşagəlməz hadisələrin qarşısını almaq və hüquq qaydasına nəzarəti gücləndirmək məqsədilə post patrul xidməti naryadlarının sayı artırılacaq.