Qafqazın ilk FM stansiyası olan ANS ÇM-in təşəbbüsü, ANS Televiziyası və AAAF Parkın dəstəyilə ilə Xırdalanda möhtəşəm konsert təşkil edilib. Bayram konserti Xırdalan şəhərində yerləşən AAAF Park Yaşayış Kompleksində baş tutub.

Tədbir “Kəndirbaz” şou və “Pəhləvan” şousu ilə başlayıb. Şou həm uşaqlar, həm də böyüklər tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirdə uşaqlar üçün də sürpriz də hazırlanmışdı. Gələn bütün uşaqlara “Bala dili” jurnalından hədiyyələr paylanılıb. Uşaqların ən sevimli televiziya personajı olan Barni də uşaqları əyləndirmək üçün tədbirdə olub. O, bütün uşaqlarla şəkil çəkdirib. Barni ilə şəkil çəkdirən uşaqların şəkilləri isə “Bala dili” jurnalının növbəti saylarında dərc olunacaq. Bundan başqa, uşaqlara “Şar şou” əyləncəli proqram da təqdim olunub.

Daha sonra tədbir Novruzun gəlişini xəbər verən Bahar qızının salamlaması, Kosa və Keçəlin məzəli-duzlu zarafatları ilə davam edib. ANS ÇM ilk dəfə məhz bu tədbirdə Novruz ənənəsində yenilik edib. Belə ki, adətən pay alan Keçəl və Kosa tədbir iştirakçılarına bayram xonçaları hədiyyə edib.

Kosa ilə Keçəlin şousundan sonra “Yurdumuza Bahar gəlir” adlı canlı konsert proqramı başlayıb. Konsertdə tanınmış müğənniləri öz repertuarlarından milli-əhval ruhda mahnılarını ifa edib, maraqlı rəqs nömrələri göstərilib. Tədbirdə hər kəsin vaxtının əyləncəli keçirilməsi məqsədilə maraqlı illüziya şou da nümayiş etdirilib.




















Mənbə
ANS PRESS