Dünyanın ən populyar və məşhur teleşoularından olan "X Factor"un Yeni Zelandiyadakı variantında böyük qalmaqal yaşanıb.
Münsiflər heyətinin iki üzvü səhnəyə çıxmış iştirakçılardan birini aşağılayıb, təhqir edib.
 
Həmin hakimlərin ikisi də artıq şoudan qovulub.
 
Milli.Az TMZ-yə istinadən bildirir ki, şouya qatılmış Britaniya vətəndaşı Co İrvayn "Cry Me A River" mahnısını ifa edəndən sonra münsiflər heyətinin üzvü, müğənni Nataliya Kills danışmağa başlayıb.
 
"Sənin bu çıxışın yalnız təəssüf doğura bilər. Xanımlar və cənablar! Sadəcə, aydın gerçəkliyi görməyinizi istəyirəm. Bizim burada oxşarlarımız var və onlar bizi çox pis təqlid edirlər. Bir sənətkar kimi əqli mülkiyyət və yaradıcılıq bütünlüyünə sayğım var. Sizin ərimin oxşarına çevrilməyə çalışmağınız məndə hiddət doğurur, məni iyrəndirir. Saçınızı ərimin saçına bənzədibsiniz, ərim kimi geyinibsiniz. Sizin orijinallığınız, fərdiliyiniz yoxdurmu?! Çox iyrənc, çox gülüncsünüz", - Nataliya Kills deyib.
 
Səhnədəki C.İrvayn təmkinli davranmağa çalışıb, gülümsəyib və "Bəyəm siz özünüzü Kleopatraya bənzətməyə çalışmırsınız?!" söyləyib.
28 yaşlı Nataliya Killsin çıxışı zalda hiddətlə qarşılanıb, tamaşaçılar onu fitə basıblar.
 
Az sonra münsiflər heyətinin digər üzvü, Nataliya Killsin əri, 25 yaşlı Villi Mun da xanımına qatılıb: "Özünüzü "Psycho" filmindəki personaja bənzədirsiniz? Bəlkə, tam bənzəmək üçün insanların dərisini soyub özünüzə yeni qılaf düzəldəsiniz?! Onda lap Norman Beyts olardınız. Burada sizə baxmağa utanıram. Hətta sizə nə isə deməyə iyrənirəm. Mənim çox cılız, ucuz və zövqsüz surətim, oxşarımsınız. Gülünc, zavallı təsir bağışlayırsınız. Norman Beyts anasının paltarlarını geyinirdi. Bəlkə, siz də belə edəsiniz və kimisə bıçaqlayaraq öldürəsiniz?!"
 
Çaşıb qalmış Co İrvayn: "Məncə, o qədər də iyrənc görünmürəm", - söyləyib.
 
"X Factor New Zealand" şousundakı bu biabırçılıq ölkədə böyük narazılıq yaradıb. Sosial şəbəkələrdə yaradılmış səhifələr və onlayn-petisiyalar Nataliya Kills ilə Villi Munun dərhal şoudan qovulmasını tələb edirdi.
 
"MediaWorks" telekorporasiyasının icraçı direktoru Mark Ueldon bu gün səhər bəyan edib ki, ərlə arvad şoudan kənarlaşdırılıblar.
 
Milli.Az
 



Videonu izləmək üçün şəklə klikləyin.фото