Amerikalı hərbçilər Barak Obamaya təklif verməyə hazırlaşırlar

ABŞ-ın Raket Əleyhinə Müdafiə Agentliyinin direktoru, general-leytenant Henri Obering ölkənin yeni seçilən prezidenti Barak Obamanı Şərqi Avropada RƏM sisteminin yerləşdirilməsi planından imtina etməməyə çağırıb. Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, general bu plandan imtinanın ABŞ-ın regiondakı qüvvələrini, dostları və müttəfiqlərini müdafiə etməsini çətinləşdirəcəyini, eləcə də ölkənin NATO-dakı rəhbər mövqeyini zəiflədəcəyini bildirib.

Agentliyin direktoru həmkarları ilə bir yerdə hakimiyyətə gələn administrasiyaya RƏM sisteminin yerləşdirilməsi ilə bağlı proqram verməyə hazırlaşdığını vurğulayıb: “Bu proqramın meydana gəldiyi 2000-ci ildən bu yana biz uzun yol keçmişik və işimizin nəticələrinin hədər getməməsinə çalışacağıq”. RƏM Agentliyinə 4 il ərzində rəhbərlik edən Oberinq dekabrın ortalarında postunu tərk edəcək. Onun vəzifəsindən kənarlaşdırılması ilə bağlı prezident Corc Buş bu ilin martında qərar qəbul edib.