Kənd təsərrüfatı naziri Heydər Əsədov Xətai rayonunda Bakı kinoteatrının yanındakı, Binəqədi rayonunda Elit Ticarət Mərkəzinin yaxınlığındakı və Yasamal rayonunda İran klinikasının yanındakı kənd təsərrüfatı məhsullarının satış yarmarkalarına baş çəkib.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, nazir burada satıcılar və alıcılar üçün yaradılmış şəraitlə tanış olub, qiymətlər və məhsulun keyfiyyəti ilə maraqlanıb.
Heydər Əsədov jurnalistlərə müsahibəsində bildirib ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə qiymətlərdə heç bir artım yoxdur. “Heç bir inzibati təsir göstərilməyib. Sadəcə bazarda təklifi artırmaqla, tələbi daha dolğun ödəməklə qiymətlərin aşağı salınmasına nail olmuşuq. Daha doğrusu, qiymətlər avtomatik surətdə dediyimiz qanuna uyğun formalaşıb. Hesab edirəm ki, əhali heç bir çətinlik çəkmədən bu qiymətlərlə öz bazarlığını edəcək”.
Bu il yarmarkaların sayının artırıldığını da söyləyən nazir H. Əsədov deyib ki, Xətai və Yasamal rayonunda ikinci yarmarkalar açılıb: “Binəqədidə yarmarka yeniləşdirilib, Suraxanıda tam yenisi açılıb, Sumqayıtda da yaxın günlərdə yarmarka açılacaq”.
