Lənkəran, 14 mart, Bağır Əliyev, AZƏRTAC 
Martın 14-də Lənkəran şəhərindəki dəmir yolu vağzalı meydanında Novruz bayramı ilə əlaqədar yarmarka təşkil olunub.
Yarmarkada kənd təsərrüfatı, ərzaq və sənaye məhsulları satışa çıxarılıb.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini İlkin Rəhimov AZƏRTAC-a bildirib ki, yarmarkanın keçirilməsində məqsəd bayramqabağı bazarlarda süni qiymət artımının qarışını almaqdır. Respublikanın müxtəlif rayonlarından gətirilən, həmçinin Lənkəranda istehsal olunan 485 ton kənd təsərrüfatı, ərzaq və sənaye məhsulları alıcılara bazarla müqayisədə 25-30 faiz aşağı qiymətə təklif olunur.
Rayon sakinləri yarmarkada satılan məhsulların həm keyfiyyətindən, həm də qiymətindən razı olduqlarını bildirirlər.
İ.Rəhimov, həmçinin qeyd edib ki, Novruz bayramı ilə əlaqədar rayonda məskunlaşan məcburi köçkün və şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, ümumilikdə 4 mindən çox ailəyə bayram sovqatı da paylanılacaq.