Bakı, 14 mart, AZƏRTAC 
Sloveniyada səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu ölkə parlamentinin sədri Milan Brqlez ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkə arasında əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyi vurğulanıb.
M.Brqlez ölkələrimiz arasında oxşar tarixin və bir sıra ümumi maraqların olduğunu əsas gətirərək qarşılıqlı fəaliyyətin bundan sonra da davam edəcəyinə və birgə səylərin artırılacağına ümidvar olduğunu bildirib.
Parlament sədri deyib ki, İkinci Dünya müharibəsi illərində partizan hərəkatında iştirak edərək qəhrəmancasına həlak olan və Sloveniya torpağında dəfn edilən əfsanəvi Mehdi Hüseynzadə xalqlarımız arasında məhz həmin mənəvi körpünün əsasını təşkil edir.
Müdafiə naziri Azərbaycanın qəhrəman oğlunun xatirəsinə göstərilən ehtirama görə Sloveniya rəhbərliyinə və xalqına dərin minnətdarlığını bildirib. Söhbət zamanı Zakir Həsənov Cənubi Qafqaz regionundakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ölkəmizin üzləşdiyi digər təhlükəsizlik məsələləri barədə ətraflı məlumat verib.