Bakı, 14 mart, AZƏRTAC 
Qısa müddətdə Azərbaycanda səhiyyə sahəsində əhəmiyyətli uğurlar əldə olunub. Bu təqdirəlayiqdir.
Bu sözləri martın 14-də Bakıda onkologiyanın aktual problemlərinə həsr olunmuş beynəlxalq elmi konfransın iştirakçısı ABŞ-ın MD Anderson Xərçəng Mərkəzinin professoru xanım Banu Arun AZƏRTAC-a eksklüziv müsahibəsində söyləyib.
Amerikalı professor konfransın tibbi onkologiya sahəsinə böyük töhfələr verəcəyini, elmi sahədə təcrübə mübadiləsinin aparılması, habelə təmsil etdiyi mərkəzlə Azərbaycanın mütəxəssislərlə əməkdaşlığın qurulması üçün də vacib rol oynayacağını diqqətə çatdırıb.
“Bu üç gün ərzində mədəniyyətinizi və incəsənətinizi öyrənmək istərdim. Hələlik Bakını gəzmək şansım olmayıb. Şəhərinizlə yaxından tanış olmaq istərdim”, - deyə Banu Arun bildirib.
Qeyd edək ki, Banu Arun konfransda “Süd vəzi xərçənginin hormonal müalicəsi” mövzusunda məruzə ilə çıxış edib. Martın 15-də isə bu mövzuda ustad dərsi keçirəcək.