Moskva, 13 mart, AZƏRTAC 
Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) və Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) təşkilatçılığı ilə “Gənclərin hüquq mədəniyyəti” mövzusunda “dəyirmi masa” keçirilib.
ÜAK-ın icraçı direktoru, Rusiyanın fəxri vəkili, Rusiya Vəkillər Gildiyasının vitse-prezidenti İlqar Hacıyev tədbiri açaraq qeyd edib ki, gənclərin hüquqi cəhətdən maariflənməsi, hüquq və vəzifələrini bilməsi olduqca vacibdir. O, həmçinin ÜAK-ın nəzdində yaradılmış Hüquq Mərkəzinin Rusiyada təhsil alan azərbaycanlı gənclərin hüquqi sahədə problemlərinin həllinə kömək göstərdiyini diqqətə çatdırıb. ÜAK-ın təhsil şöbəsinin əməkdaşlarının da tələbələrlə sıx əlaqədə olduqları vurğulanıb.
Tədbir çərçivəsində RAGB və ÜAK-ın birgə çap etdirdikləri “Əcnəbi tələbələr üçün yaddaş kitabçası” təqdim olunub. RAGB-nin idarə heyətinin üzvü Emin Hacıyev qeyd edib ki, kitabçada Rusiya Federasiyası qanunvericiliyində əcnəbi vətəndaşların ölkəyə gəlməsi və qeydiyyatı ilə bağlı nəzərdə tutulmuş maddələr əksini tapıb. E.Hacıyev deyib: “Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi təşkilat Rusiyada təhsil alan azərbaycanlı gəncləri öz ətrafında birləşdirir. Tələbələrin özlərinin hüquq və vəzifələrini daha yaxşı bilməsi, habelə miqrasiya sahəsində üzləşdikləri problemlərin aradan qaldırılması üçün RAGB yaddaş kitabçasının gənclər arasında yayılmasında yaxından iştirak edəcəkdir”.
ÜAK-ın ictimai təşkilatlarla iş üzrə müşaviri Ramin Rəcəbovun sözlərinə görə, həm Azərbaycanda, həm də Rusiyada hüquqi dövlət quruculuğu sahəsində mühüm işlər həyata keçirilir. Bu baxımdan, gənclərin hüquqi tərbiyəsi cəmiyyət qarşısında duran aktual problemlərdəndir.
Rusiyanın fəxri vəkili Azər Əliyev tələbələrə hüquq sahəsində məsləhətlərini verib.
Tədbirdə Moskva Dövlət Universiteti, Moskva Dövlət Hüquq Akademiyası, Rusiya İqtisad Universiteti, Rusiya Dövlət Neft-Qaz Universiteti, Moskva Dövlət Stomatologiya Universiteti, Moskva Dövlət Humanitar Universiteti, Moskva Dövlət Turizm və Servis Universitetinin tələbələri çıxış ediblər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva