Bu gün bəzi xarici təşkilatlar I Avropa Oyunlarını boykot etməyə cəhd göstərirlər. Hər kəsə bəllidir ki, bu cür addımlar ölkəmizin əldə etdiyi yüksək nailiyyətləri gözü götürməyən qüvvələrin növbəti fiaskosudur. Bəs bu barədə siyasilərimiz nə düşünürlər?

SİA-ya açıqlamasında millət vəkili Çingiz Qənizadə deyib ki, belə beynəlxalq təşkilatların boykot çağırışları acı gülüş və təəssüf doğurur. “Bunların çağırışları acı gülüş doğurur. Çünki bir şey tapa bilmədiklərinə görə də indi heyvan hüquqlarının vəziyyətindən danışırlar. Axı bütün dünyada sahibsiz itlər zaman-zaman məhv edilir. İndi bunu qabardıb təzyiq vasitəsi kimi istifadə etmək acı gülüş və təəssüf doğurur”.

Xarici qüvvələrin Avropa Oyunları ərəfəsində fəallaşmasından danışan millət vəkili, politoloq Rasim Musabəyov SİA-ya deyib ki, Avropa Oyunlarının boykot edilməsi ilə bağlı çağırış edən xarici qüvvələrin bu məsələyə təsir etmə imkanları yoxdur: “Sadəcə olaraq, onlar öz çağırışlarını bu tədbirə bağlayırlar ki, özlərinə diqqət cəlb etsinlər. Hesab edirəm ki, bu çağırışlar hər hansı bir nəticə əldə edə bilməyəcəklər. Çünki oyunların keçirilməsinə kifayət qədər vəsait xərclənib. İndi belə təşkilatların çağırışı ilə görülən işlərin üzərindən xətt çəkilməyəcək.

SİA-ya açıqlamasında Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa isə beynəlxalq təşkilatların boykot çalışmaları mənasız hesab etdiyini vurğulayıb: "İdman tədbirlərini hamı dəstəkləməlidir. Bir ölkədən xoşun gəlib-gəlməməyi, orada baş verən proseslərin səni qane edib-etməməyi başqa məsələdir. Amma idmanı belə işlərə qatmaq olmaz. Tarix də göstərir ki, belə çağırışlar fiaskoya uğrayır, insanlar tərəfindən yaxşı qarşılanmır. Çünki idmançının taleyini siyasi münasibətlərə görə müəyyənləşdirmək doğru deyil. Ona görə də bu çağırışlar ciddi səslənmir və buna münasibət də müsbət olmamalıdır".

Milli.Az