Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycanda radikal dini qruplara qarşı mübarizədə əsas istiqamətləri müəyyənləşdirib. Lent.az-ın məlumatına görə, o, bu barədə komitənin sədri Mübariz Qurbanlı Trend-ə müsahibəsində qeyd edib.

Onun sözlərinə görə, mübarizənin əsas 3 istiqaməti var: “Bunlardan birincisi qanun çərçivəsində həyata keçirilən istiqamətdir ki, burada hüquq-mühafizə orqanları aparıcı rol oynayır. Bura Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, prokurorluq orqanları və hüquq-mühafizə sistemindəki digər qurumların fəaliyyəti daxildir. Bu qurumlar radikallaşmış dini qruplar tərəfindən qanun pozuntusuna yol verildiyi təqdirdə onların neytrallaşması və qanun qarşısında cavab verməsi istiqamətində ciddi addımlar atırlar. Buna misal olaraq, MTN və DİN tərəfindən son dövrlərdə təşkilatlanmış silahlı şəbəkə yaradan, eləcə də Azərbaycan vətəndaşlarını xarici ölkələrdəki silahlı münaqişələrə cəlb edən radikal qrupların aşkar edilərək zərərsizləşdirilməsini göstərmək olar. Bundan əlavə, radikal qrupların qeyri-qanuni fikirlərini ifadə edən ədəbiyyatın yayılmasının qarşısının alınması məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və MTN birgə geniş tədbirlər həyata keçirir. Digər istiqamət isə iqtisadiyyat sahəsi ilə bağlıdır. Radikal qrupların bəziləri qeyri-qanuni yollarla vəsait ələ keçirərək onun vasitəsilə gənclərin radikal qruplara cəlb edilməsinə, şəbəkələrin yaradılmasına cəhdlər göstərirlər. Təbii ki, bu, yolverilməzdir”.

 

 

Komitə sədri “qeyri-qanuni yollar” deyəndə xaricdəki qüvvələr tərəfindən radikal dini qruplara vəsait göndərilməsi, həmin qruplar vasitəsilə pulu əvvəlcədən ödənilməyən malların Azərbaycana gətirilərək burada yayılması və tərəfdarları vasitəsilə satışa çıxarılması, malların müftə verilməsindən istifadə edərək onlardan əldə edilən gəlirlərdən təkrarən qeyri-qanuni ədəbiyyatın əldə olunması və satışı, eyni zamanda, bu cür vəsaitdən istifadə edərək gənclər arasında tərəfdarların toplanması, onların şirnikləndirilməsi, silahlı birləşmələrə və xaricdəki silahlı münaqişələrə cəlb edilməsi və həmin vəsaitlərdən onların maliyyələşdirilməsi üçün istifadə edilməsini nəzərdə tutduğunu da qeyd edib.

 

 

Radikal dini qruplara qarşı mübarizədə 3-cü istiqamət ideoloji-təbliğati yol və bu yolla radikalların bazasının çökdürülməsidir: “İdeoloji-təbliğati yol əsl İslami dəyərlərin təşviq və təbliğ edilməsindən, maarifləndirmə işlərinin həyata keçirilməsindən ibarətdir. Biz bu məsələdə Qafqaz Müsəlmanları İdarəsi ilə birgə fəaliyyət göstəririk. Bu iş kütləvi informasiya vasitələri, müxtəlif konfranslar, seminarlar və digər tədbirlər vasitəsilə həyata keçirilir. Topladığımız təcrübə əsasında maarifləndirmə işlərini daha yüksək səviyyəyə qaldırmağı planlaşdırırıq”.

 

 

“Sosial şəbəkələrdə bəzi radikal qruplara məxsus mağazalarda, supermarket şəbəkələrində digər məzhəb və ya təriqətlərə mənsub insanlar tərəfindən istehsal edilən məhsulların qəbulundan və satışa çıxarılmasından imtina edildiyinə və ya buna əngəllər yaradıldığına dair məlumatlar yayılır. Bu məsələ ilə bağlı hansı tədbirlər görüləcək” sualına M. Qurbanlı belə cavablayıb: “Hesab edirəm ki, belə şeylər yolverilməzdir. Belə hallar ortaya çıxdıqca onların qarşısı alınır və alınacaq. Yəni din pərdəsi altında öz iqtisadi maraqlarını həyata keçirmək istəyən qüvvələrə qarşı qətiyyətli, sərt tədbirlər görüləcək. Biz, həmçinin din əbası altında siyasi maraqlarını ifadə etmək istəyənləri, eləcə də ideoloji yolla Azərbaycanda ənənəvi dəyərlərə qarşı çıxanları mütləq çökdürəcəyik. Azərbaycanda dini radikallara qarşı sonadək “çökdürmə siyasəti” aparılacaq”.