- Vüsalə xanım, sənətə gəlişiniz təsadüf nəticəsində oldu, yoxsa düşünülmüş bir addım idi?
- Təsadüfi deməzdim, çünki mən öncə müğənni kimi fəaliyyət göstərməyə başladım. Daha sonra ali təhsil almaq vaxtı gəlib çatanda müəllimlərimin və dostlarımın məsləhəti ilə Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyoru fakültəsinə sənəd verməyi qərara aldım. Məhz bundan sonra artıq aktyor sənəti haqqında tam ciddi surətdə düşündüm. Təhsil aldığım dörd il ərzində bu peşəni sevdim, ona bağlandım.
- Hal-hazırda fəaliyyətinizi harada davam etdirirsiniz?
- Beş ildir ki, Bakı Uşaq Teatrının aktrisası kimi fəaliyyət göstərirəm.
- Bu vaxta qədər hansı seriallarda rol almısınız?
- İlk dəfə “Qaynana” serialında çəkilmişəm. Daha sonra “Həyat varsa”, “Babayevlər”, “Hippokrat andı”, “Kolxoz 85” kimi seriallarda da rol almışam.
- Sizcə, aktrisa üçün ən çətin olanı nədir?
- Real həyatda nə yaşadığını səhnədə hiss etdirmək çox çətindir.
- Siz özünüz bunu bacarırsınız?
- Tam olmasa da, artıq son illərdə hər şeyi bir az "boş verməyi" öyrənəndən bəri bacarıram.
- Ailə qurmusunuz?
- Xeyr, anadangəlmə subayam (gülür).
- Bu subaylıq sənətinizə görədir?
- Bəlkə də hə, bəlkə də yox...
- Necə yəni?
- Hər şeyi qismətə bağlayıram, çünki hələ ki ailə qurmaq şansımı sənətə qurban verməmişəm. Yəqin ki, alın yazısıdır. Allah nə vaxt qismət etsə, o vaxt olacaq.
- Qismətə inanırsınız?
- Əlbəttə, inanıram. Nəyi necə edib-etməyəcəyimizə qərar verməyimiz də qismətə bağlıdır, məncə.
- Xeyli vaxtdır ki, uşaqlarla işləyirsiniz. Onlara hissləri aşılamaq daha asandır, yoxsa böyüklərə?
- Uşaqlarla dil tapmaq bəzən çox çətin olur. Çünki onlar düşünüb sual vermirlər. Ona görə də biz verilən sualları elə cavablandırmalıyıq ki, həm yalan demiş olmayaq, həm də uşaqların anlayacaqları dildə onları başa salaq. Amma uşaqları sevindirmək daha asandır. Xırda bir hərəkət, yaxud söz onlara sevinc bəxş edir. Bunu bacarmaq üçün də onların daxili aləminə az da olsa, yaxın olmaq lazımdır.
- Açıq-saçıq səhnələrə çəkilərsiniz?
- Xeyr...
- Səbəb?
- Aktrisa olmağıma rəğmən, o yöndə özümə güvənim yoxdur. Ən əsası, çəkiləcəyim o səhnəyə ailə üzvlərim baxacaqlar, təbii ki. Real həyatda çəkindiyim işi çəkiliş meydançasında edə bilmərəm.
- Real həyatda bu işdən niyə çəkinirsiniz ki? Bu, təbiətin qanunu deyilmi?
- İnsanın şəxsi həyatı başqadır. Onu göz önündə sərgiləməyimiz düzgün deyil. Hər halda, insan övladında abır, həya deyilən bir hiss var. Onu itirsək, hər şeyimizi itirmiş sayılırıq.
- Axı o rolu oynayanda səhnədəki siz olmursunuz, hansısa obraz olur...
- Yenə də deyirəm, aktrisa kimi o yöndə özümə güvənmirəm. İkincisi də, məncə, bu kimi məqamlarda bizim aktrisalara cəmiyyətin əksər hissəsi normal münasibət bəsləmir.
- Sizə, aktrisaya bu cəmiyyət necə baxır ki?
- Daha çox sərbəst, düşüncəsi azad bir insan kimi. Bir də ki, hər an hər şeyi bir kənara atıb gedə biləcək biri kimi...
- Siz də eləsiniz?
- Biz az sərbəst düşüncəli biriyəm, amma hər şeyi bir anda siləcək qədər vəfasız deyiləm (gülür).
- Vəfasızlıq görmüsünüz?
- Dəfələrlə görmüşəm.
- Məsələn, kimdən?
- Dostumdan, yaxınımdan... Demək olar ki, ətrafımdakı bir çox insandan.
- Digər aktrisalardan fərqiniz nədir?
- Məncə, hər bir aktrisa fərqlidir. Səhnədə duruşundan səsinin tonuna, danışıq qabiliyyətinə görə və s.
- Sizdə bu dediyiniz amillərdən hansı daha güclüdür?
- Daha çox danışıq qabiliyyətimdən razıyam.
- Özünüz rejissor olsa idiniz, hansı mövzuda film çəkmək istərdiniz?
- Qorxu filmi çəkərdim (gülür). Bu janrı çox sevirəm.
- Başqa nəyi sevirsiniz?
- İnsanları və insanlığı.
- Konkret olaraq sevdiyiniz bir insan yoxdur?
- Hələ ki, yoxdur. Ətrafımı, ailəmi, dostlarımı sevirəm.
- Nədə çətinlik çəkirsiniz?
- Hər hansı bir işin məsuliyyətini hiss etdiyim an çətinlik çəkdiyimi düşünürəm.
Cavidan Abdullayev
Milli.Az
























