Axşam.az “Esquire” dərgisinə istinadən bu il “Oskar” almış “Birdman” filminin rejissoru Alexandro Qonzales İnyarittunun həyatdan öyrəndiklərini təqdim edir.

- “Birdman” filmini çəkməyə başlamamışdan qabaq bütün aktyorlara Fransız kəndirbazı Filip Petitin Dünya Ticarət Mərkəzinin üstündə, əkiz qüllələr arasında yeridiyi məşhur fotonu göndərdim. Məqsədim onlara başa salmaq idi ki, əgər bu işdə mən yıxılsam, ya  da onlardan biri yıxılsa, hamımız yıxılarıq.

- 16 yaşım olanda çox romantik biriydim. Hər həftə başqa birinə aşiq olurdum. Hər kəsə aşiq ola bilirdim. Amma çox təəssüflər olsun ki, heç kim mənə aşiq olmamışdı.

- Anamın mənimlə bağlı gözləntiləri və ümidləri aşağı idi. Buna görə də 17 yaşında böyük problemlər yaşadım. Əgər bir gün övladım olarsa, onunla bağlı ümidlərim olsun istəyirəm.

- Atam mənə min dollar vermişdi. O, görə biləcəyiniz ən yaxşı kişilərdən biri idi. Çox pulu yox idi, amma bununla səyahətə başlaya və bir ilimi Avropada, Afrikada keçirmək cəsarətini vermiş oldu.

- Azadlıq özüylə xeyli məsuliyyət də gətirir. Təksənsə, üçüncü gözünü inkişaf etdirmək məcburiyyətində qalırsan.

- Karyeramın başlanğıcında reklam rolikləri çəkdim, amma bunlar mənim üçün məşq idi. Reklamdan çox pul qazana bilərsiniz, yenilikləri sınaqdan keçirə bilərsiniz.

- Rejissor olmaq üçün bir xüsusiyyətə sahib olmalısan: Ritm duyumu. Ritm mənim üçün hər şeydir. Ritm olmadan musiqi, kino, yaxud da memarlıq olmaz. Bəşər dünyası müxtəlif yollarla ritmini çatdırır. Əgər siz bunu əldə edə bilməsəniz, ya da anadangəlmə bu xüsusiyyətə sahib deyilsinizsə, dünyanı silkələyəcək iş görməyiniz mümkün deyil. Bacarığınız, bilginiz, mühitə, vasitələrə, ideyaya malik ola bilərsiniz, amma ritm duyğunuz yoxdursa, bitdiniz.

- Sizə aşiq olduğum anı anlatsam, inanmazsınız. Onun adını eşidəndə aşiq oldum. Dostlarımdan biri dedi ki, kinoya gedək, bir xanım da bizə qoşulacaq, adı María Eladia Hagermandır. Bu necə də möhtəşəm addır deyə düşündüm. Maria Eladia – yaşlı meksikalı adına oxşayırdı. Hagerman isə Amerikan dondurma markası olan “Häagen-Dazs”ı xatırladırdı. Adını eşidəndə ona aşiq olmuşdum!

- Hər şeyin bir səbəbi var. Əgər səbəbiniz yoxdursa, heç bir şeyiniz yoxdur.