Gəncə, 12 mart, AZƏRTAC
Azərbaycanın qərb bölgəsində fəaliyyət göstərən və Boloniya təhsil sisteminə qoşulan ali təhsil müəssisələrinin müəllimləri üçün Təhsil Nazirliyinin tövsiyəsinə uyğun olaraq təşkil edilmiş iki aylıq “Tyutor hazırlığı” təlim kurslarına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Gəncə Dövlət Universitetində keçirilən yığıncaqda təlim prosesi barədə məlumat verilib. Bildirilib ki, təlimlərdə Gəncə Dövlət Universitetindən 27, Azərbaycan Texnologiya Universitetindən 11, Gəncə Humanitar Kollecindən 2 nəfər iştirak edib.
Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Təranə Musayeva Tyutor sisteminin mahiyyəti, onun əhəmiyyəti və inkişaf perspektivləri barədə geniş məlumat verib.
Yığıncağın sonunda təlimlərdə iştirak edən müəllimlərə birinci və ikinci dərəcəli sertifikatlar təqdim olunub.
Qeyd edək ki, Tyutor hazırlığında birinci və ikinci dərəcəli sertifikat alanlar respublikamızın istənilən ali təhsil ocağında işləyə bilərlər.