Bakı, 12 mart, AZƏRTAC
“Murmansk vilayəti vətəndaş cəmiyyəti” («Гражданское общество Мурманской области») saytında Azərbaycan Dövlət İnformasiya Agentlİyinin (AZƏRTAC-ın) 95 illiyinə həsr edilmiş material dərc olunub. Sayt Ümumrusiya Azərbaycanlılar Konqresinin Murmansk regional bölməsinin mətbuat katibi, Rusiya Jurnalistlər İttifaqının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əlihüseyn Şükürovun təqdim etdiyi materiallara istinadla bildirir ki, AZƏRTAC Azərbaycanın aparıcı informasiya agentliyi, yerli və xarici KİV-lər üçün rəsmi dövlət informasiyasının yeganə mənbəyidir.
Saytda bildirilir ki, AZƏRTAC Azərbaycan, ingilis, rus, fransız, alman, ərən və çin dillərində informasiya yayır. Agentliyin videosaytı və Uşaq Bilik portalı fəaliyyət göstərir.
Daha sonra bildirilir ki, AZƏRTAC-ın 95 illik yubileyi münasibətilə martın 2-də Bakıda təntənəli mərasim keçirilib. Materialda deyilir: “Mərasimə Dünya Xəbər Agentlikləri Konqresi Şurasının (NACO) Bakı iclasının iştirakçıları, bir sıra xarici ölkələrin aparıcı informasiya agentliklərinin bu yubiley tədbirinə dəvət olunmuş baş direktorları və nümayəndə heyətləri, Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, KİV və QHT rəhbərləri qatılıblar. Rəsmi hissədən sonra yubiley mərasimi incəsənət ustalarının iştirakı ilə maraqlı konsert proqramı təqdim edilib.