Naxçıvan, 12 mart, AZƏRTAC
Son 20 ildə Babək rayonunda 31 ümumtəhsil və 1 şahmat məktəbi binası tikilib və ya yenidən qurularaq şagirdlərin istifadəsinə verilib. Yeni inşa olunan məktəb binalarında 26 idman zalı mövcuddur. Burada 27 sadə idman qurğusu quraşdırılıb. Şahmat məktəbi isə 11 dəst kompyuterlə təmin olunub.
AZƏRTAC xəbər verir ki, bu faktlar Naxçıvan Muxtar Respublikasının Babək Rayon İcra Hakimiyyətində keçirilən yığıncaqda səsləndirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisində bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr mövzusunda müşavirədə verilən tapşırıqların icrası ilə bağlı keçirilən tədbiri Babək Rayon İcra Hakimiyyətinin başçısı Elçin Hüseynəliyev açaraq, muxtar respublikada idmana göstərilən dövlət qayğısından danışıb, rayonda bu sahədə həyata keçirilən tədbirlərdən bəhs edib.
Babək Rayon Təhsil Şöbəsinin müdiri Kamil Kazımov bildirib ki, hazırda məktəblərdə 837 saat şahmat dərsi tədris olunur. Dərslər Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının təşkil etdikləri imtahanlarda yaxşı nəticə göstərərək sertifikat alan müəllimlər tərəfindən keçirilir. Rayonun ümumtəhsil məktəblərində 55 nəfər ixtisaslı fiziki tərbiyə müəllimi fəaliyyət göstərir.
Vurğulanıb ki, adıçəkilən müşavirədə verilən tapşırıqların icrası üçün rayondaxili və rayonlararası idman tədbirlərinin yüksək səviyyədə keçirilməsi məqsədilə rayon Təhsil Şöbəsində fəaliyyət planı hazırlanıb.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev, gənclər və idman naziri Azad Cabbarov muxtar respublikada bədən tərbiyəsi və idmanın inkişafına göstərilən hərtərəfli qayğıdan danışıblar. Bildirilib ki, muxtar respublikanın digər rayonlarında olduğu kimi, Babək rayonunda da müasir təhsil və idman infrastrukturu yaradılıb. Qarşıda duran əsas vəzifə isə Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə səsləndirilən nöqsanların tezliklə aradan qaldırılmasından ibarətdir.
Sonra mövzu ilə bağlı müzakirələr aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.