Tərtər, 12 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən on minlərlə erməni əhalisinin köçürülməsi və onların bu bölgədə süni surətdə çoxaldılması sonradan Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları ilə nəticələndi.
Ermənilərin Qarabağa gəlmə olduqları tarixçilərin tədqiqatlarında da öz əksini tapıb. Tərtərdəki “Marağa – 150” abidəsinin tarixçəsi isə ermənilərin Qarabağa köçürüldüklərini sübut edən faktlardan yalnız biridir.
Tərtər rayon Cəmilli kənd tam orta məktəbin tarix müəllimi Rəşad Şahbazov AZƏRTAC-a bildirib ki, abidə Rusiya ilə İran arasında 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsindən sonra ermənilərin İran Marağasından Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə ermənilərin özləri tərəfindən 1978-ci ildə Qarabağda inşa edilib. XX əsrin sonlarında Ermənistanın torpaqlarımıza qarşı növbəti ərazi iddiaları başlayanda “Marağa – 150” abidəsi ermənilər tərəfindən qəsdən dağıdılıb.
Ermənilərin ərazi iddialarının əsassız olduğunu sübut edən bu abidənin qalıqları hazırda Tərtər şəhərinin bir neçə kilometrliyində yerləşən və Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altında olan Şıxarx qəsəbəsindədir. Erməni məkrini və yalanını ifşa etmək üçün tutarlı vasitə olan abidə mühüm siyasi əhəmiyyətə malikdir.