Bakı, 11 mart, AZƏRTAC 
Martın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans başa çatıb.
Şamaxıda fəaliyyət göstərən kolleclərin, Müəllimlər İnstitutunun rayon filialının tələbələri, fəal gənclər və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi konfrans işini panellərlə davam etdirib.
DQİDK-dən AZƏRTAC-a bildiriblər ki, konfransın sonuncu iş günündə “Ənənəvi dini dəyərlərimiz və xarici təsirlər” mövzusunda təşkil olunan birinci plenar iclas Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılovun moderatorluğu ilə keçib. İclasda “Azərbaycanda dini durum: Yaxın Şərqdə gedən proseslər kontekstində”, “Zərərli dini cərəyanlar və onların təbliğat metodları: yeniyetmə və gənclərin radikal meyillərdən qorunması” mövzularında məruzələr dinlənilib.
“Milli mənəvi dəyərlər və müasir çağırışlar” mövzusunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlının moderatorluğu ilə keçirilən sonuncu plenar iclasda isə “Azərbaycan gəncləri: sosial mediadan necə istifadə edirik?”, “Milli mənəvi dəyərlərimiz müasir gəncliyin formalaşmasında əsas komponent kimi” mövzularında çıxışlar olub.