Xırdalan, 11 mart, AZƏRTAC
Abşeron məktəbliləri Novruz bayramını ingilis dilində təqdim ediblər.
AZƏRTAC xəbər verir ki, Xırdalan şəhər Heydər Əliyev Mərkəzində keçirilən bayram şənliyində rayon ziyalıları, ictimaiyyət nümayəndələri, məktəb şagirdləri və qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən rayon Təhsil Şöbəsinin müdiri Nadir Ağayev milli bayramımız olan Novruzun minilliklərin sınağından keçərək bu gün əsl birlik bayramına çevrildiyini və ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ümumxalq bayramı kimi hər il böyük təntənə ilə qeyd olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, Novruz bayramı hər bir azərbaycanlı üçün əzizdir. Bu bayram adət-ənənələrimizi əsrlər boyu yaşadıb bu günlərə gətirdiyi kimi, bu gün də bizi birləşdirir, daha da həmrəy edir.
Yazın gəlişini bildirən və xalqımızın milli-mənəvi dəyərlərini özündə əks etdirən müxtəlif oyunlar, Kosa ilə Keçəlin duzlu-məzəli zarafatları, pəhləvanların çıxışları, şən mahnılar iştirakçılarda xoş ovqat oyadıb.
Tədbirdə məktəblilər xarici qonaqlara Novruz bayramı barədə ingilis dilində məlumat veriblər.

