Bakı, 11 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Botanika İnstitutunun Bioloji Məhsuldarlığın Fundamental Problemləri şöbəsinin müdiri, akademik Cəlal Əliyevin rəhbərliyi altında Avropa Birliyində BMT-nin Regionlararası Cinayət və Hüquq Tədqiqatları İnstitutunun (UNİCRİ) “Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrində biotəhlükəsizliyin və biomüdafiə imkanlarının gücləndirilməsi“ proqramı çərçivəsində “Azərbaycana idxal olunan kənd təsərrüfatı bitkilərinin, toxumların müxtəlif xəstəliklərinin və GMO məhsulların molekulyar diaqnostikası“na həsr olunan ikiillik layihə uğurla həyata keçirilir.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, bir il müddətində layihə çərçivəsində yerinə yetirilən tədqiqatların nəticələri və maliyə prosesləri barədə hesabat vermək üçün layihənin iştirakçısı, biologiya üzrə fəlsəfə doktoru Ələmdar Məmmədov UNİCRİ-nin İtaliyanın Turin şəhərindəki baş ofisinə dəvət olunub. Burada azərbaycanlı alim layihələrin monitorinqi və qiymətləndirməsi şöbəsinin rəhbəri xanım İtziar Arispe, kimyəvi, bioloji, radioloji və nüvə materialları üzrə baş məsləhətçi Horst Stoebel və layihələrin yerinə yetirilməsinə nəzarəti həyata keçirən, proqramın rəhbəri Odhran James McCarthy ilə görüşüb. Ə.Məmmədov bir il ərzində layihə çərçivəsində yerinə yetirilmiş işlər, layihənin maliyə dəstəyi ilə alınmış cihazlar və kimyəvi reagentlər, Bakı şəhərində layihə çərçivəsində bitkilərin virus və fitoplazma xəstəliklərinin molekulyar diaqnostikasına həsr olunmuş iki elmi-praktiki seminar, Azərbaycanın müxtəlif bölgələrində aparılmış monitorinqlər, toplanmış bitki nümunələri və alınmış nəticələr barədə geniş məlumat verib.
Eyni zamanda, proqramın rəhbəri Odhran James McCarthy ilə layihənin maliyyə hissəsi geniş analiz edilib və ikinci il üçün ayrılacaq maliyyənin miqdarı və şərtləri müəyyənləşdirilib. Sonda layihə bir daha nəzərdən keçirilib və sonrakı il ərzində tamamlanmalı olan işlərin planı dəqiqləşdirilib.
Qeyd edək ki, 2013-cü ilin sonunda Horst Stoebel və Odhran James McCarthy layihə ilə bağlı Botanika İnstitutunun Bioloji Məhsuldarlığın Fundamental Problemləri şöbəsində olublar. Şöbənin fəaliyyət istiqamətləri, buradakı şəraitlə yaxından tanış olan qonaqlar layihənin uğurlu nəticələrinə ümid etdiklərini bildiriblər.