Bakı, 11 mart, AZƏRTAC
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Gənclər və İdman Nazirliyinin qismən maliyyələşdirdiyi “Sağlam həyat tərzi - gənclərin iştirakı ilə ictimai müzakirələr” adlı layihə çərçivəsində martın 11-də Ağstafada konfrans keçirib.
TUMİB-dən AZƏRTAC-a bildiriblər ki, konfrans “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planına uyğun təşkil olunub.
Rayon təhsil şöbəsinin müdiri Fərhad Vəliyev çıxış edərək, 2013-2014–cü tədris ilində Ağstafa rayonundan ali məktəbə sənəd verən 429 abituriyentdən 263–nün tələbə adını qazandığını vurğulayıb. Bildirilib ki, bunlardan 53 nəfəri 500-dən, 16-sı isə 600–dən çox bal toplayıb.
TUMİB sədi Çingiz Bayramov rəhbərlik etdiyi təşkilatın yeniyetmə və gənclərin yüksək təhsil alması və fərdi təşəbbüslərinin üzə çıxarılması istiqamətində gördüyü işlər barədə məlumat verib, onları öz sağlamlıqlarının qeydinə qalmağa səsləyib.
Sonda iştirakçıların sualları cavablandırılıb.