Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir Maksim Tsurkov/
2014-cü il ərzində Azərbaycana 2,5 milyona qədər turist gəlib. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Onun sözlərinə görə, son 5 il ərzində Azərbaycana gələn turistlərin sayı 15 faizə qədər artıb.
Nazir qeyd edib ki, bəzi ölkələr üzrə azalma, bəzi ölkələr üzrə isə çıxalma müşahidə olunub: “Misal üçün, Rusiya, Gürcüstan və İrandan Azərbaycana gələnlərin sayı azalıb. Əvəzində Böyük Britaniya, Fransa, İtaliya, ABŞ və ərəb ölkələrindən gələn turistlərin sayı 10-20 faiz artıb".
Ə.Qarayev vurğulayıb ki, hazırda Azərbaycanda 530-dan artıq otel fəaliyyət göstərir.
Nazirin sözlərinə görə, bu gün Azərbaycanın istənilən sayda qonaqları qəbul etmək imkanı var: "Bizim məqsədimiz xidmətin çeşidliliyini artırmaqdır. Azərbaycana gələn hər bir turist orta hesabla ölkə iqtisadiyyatına 700 dollar vəsait yatırır".
Ə.Qarayev əlavə edib ki, Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin, sərgilərin və digər konfransların çoxluğu ölkənin turizminə müsbət təsir göstərir.
Nazir həmçinin yaxın illərdə Azərbaycana gələn turistlərin sayının 5 milyon nəfərə qədər artacağına ümid etdiyini bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az