Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova qonaqlara baharın müjdəçisi olan Novruz bayramı haqqında məlumat verib. O, bildirib ki, Novruz Azərbaycan xalqının ən qədim və əziz bayramı kimi bir sıra özünəməxsus adət-ənənələrə malikdir.
Elə bu səbəbdəndir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində xalqımızın bu əziz bayramı artıq UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.
2010-cu ildə isə BMT-nin Baş Məclisi 21 mart tarixini Beynəlxalq Novruz günü elan edib.
L.Qasımova həmçinin bildirib ki, caz konsertinin tarixi də təsadüfi seçilməyib. Çünki bir neçə gün əvvəl Azərbaycanda ölkəmizin caz sənətinin ən görkəmli nümayəndəsi Vaqif Mustafazadənin 75 illik yubileyi qeyd olunub. Klassik cazla Azərbaycan milli musiqisi və muğamının uğurlu sintezinə nail olmuş Vaqif Mustafazadə məktəbinin ənənələri bu gün Şahin Növrəsli kimi peşəkar musiqiçilər tərəfindən qorunub saxlanılır və inkişaf etdirilir.
Daha sonra tanınmış Azərbaycan caz pianoçusu Şahin Növrəslinin rəhbərlik etdiyi caz qrupu bayram konserti ilə çıxış edib. Konsertdən sonra qonaqlara Azərbaycanın milli şirniyyatlarından ibarət bayram hədiyyələri paylanıb.




MənbəANS PRESS