Stokholm, 11 mart, AZƏRTAC
İsveç ilə Səudiyyə Ərəbistanı arasında hərbi sahədə əməkdaşlıq haqqında müqavilənin müddəti uzadılmayacaq.
Ərəb ölkələrinin xarici işlər nazirləri Səudiyyə Ərəbistanında insan hüquqlarının vəziyyəti ilə bağlı İsveç XİN-in başçısı Marqot Valströmün fikirlərini pislədikdən sonra İsveç hökuməti belə bir qərar qəbul edib.
İsveçin xarici işlər naziri Ərəb Dövlətləri Liqasının xarici siyasət idarələri başçılarının görüşünə fəxri qonaq qismində qatılmaq üçün martın 9-da Qahirəyə gəlib. Lakin İsveç nazirinin ərəb həmkarları qarşısında çıxış etməsinə imkan verməyiblər. Bəzi məlumatlara görə, onun çıxışına söylədiyi fikirlərə görə məhz səudiyyəlilər qadağa qoyublar. Sonra M.Valström Səudiyyə Ərəbistanının nümayəndələri ilə görüşməyə çalışsa da, buna müvəffəq olmayıb.
Xatırladaq ki, İsveçin sosial-demokrat hökuməti ötən ilin sentyabrında hakimiyyətə gələndən sonra “feminist xarici siyasət” yürüdəcəyini elan edib. İsveç XİN-in başçısı bu ilin fevralında parlamentdəki çıxışında insan hüquqlarının, o cümlədən qadın hüquqlarının pozulmasına görə Səudiyyə Ərəbistanı hökumətini tənqid edib, kral ailəsinin hakimiyyətini isə diktatura adlandırıb.
İsveçin Səudiyyə Ərəbistanı ilə hərbi əməkdaşlığı haqqında 2005-ci ildə İsveçin əvvəlki sosial-demokrat hökuməti tərəfindən bağlanmış müqavilə ləğv edilib.
İsveç hər il Ər-Riyada təqribən 300 milyon kronalıq (təqribən 30 milyon avro) silah göndərir. Bu da ölkədə qızğın mübahisələr doğurur.
Rauf Əliyev
AZƏRTAC–ın xüsusi müxbiri
Stokholm