Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Balakən rayon sakini, 1986-cı il təvəllüdlü Abdulla Saramanovun cinayət işi üzrə məhkəmə prosesinə start verilib. Lent.az-ın məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən hazırlıq prosesində təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı martın 18-nə təyin edilib.
Qeyd edək ki, qətl keçən il sentyabrın 18-də Xırdalanda baş verib. Balakən rayon sakini, 28 yaşlı Saramanov Abdulla Əmiraslan oğlu tanışı, 32 yaşlı Ramil Məmmədov arasında bir il öncə kafedə mübahisə yaranıb.
A.Saramanovun sözlərinə görə, hadisədən sonra R.Məmmədovla görüşüb söhbət etmək qərarına gəliblər. Telefonla əlaqə zamanı isə Ramil Abdullanın ünvanına nalayiq ifadələr işlədib.
Bu hadisədən bir il sonra tanışından incik qalan Abdulla Ramili yenidən axtarmağa başlayıb. Telefonla əlaqə saxlayan gənclər görüşmək qərarına gəliblər və bu zaman Abdulla Saramanov Ramil Məmmədova bıçaqla 5 dəfə xəsarət yetirib. R.Məmmədov çoxlu qan itirdiyindən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.