Qərb mətbuatında avtoritar rejimləri Oruell obrazları ilə müqayisə etməyi xoşlayırlar, ənənə şəklini alıb ki, tənqidi məqalədə mütləq Oruelldən sitat gətirilməlidir.

Böyük ingilis mütəfəkkiri Corc Oruell dünyaca məşhur əsərlər müəllifidir. Ölümündən 65 il ötməsinə baxmayaraq, Oruell bu gün də dünyanın ən çox oxunan intellektuallarından biridir. Corc Oruell bədii yaradıcılığına ingilis imperializmini qınayan əsərlərlə başlamış, İspaniyada gedən vətəndaş müharibəsindən sonra isə solçu hərəkatında olan qüsurları tənqid etmişdir. Oruell SSRİ-də sosializmin səhv istiqamətdə inkişaf etdiyini, dövlətin inqilabı boğduğunu və yeni, əvvəlkindən daha repressiv icra aparatı qurduğunu bəyan etmişdi. Aydındır ki, keçmiş SSRİ-də onun əsərləri qadağan edilmiş, Oruellə "düşmən və Trotski tərəfdarı'' xarakteristikası verilmişdir.

Oruellin ölümünə yaxın, 1950-ci ildə, kitabları kiçik tirajla ABŞ-da nəşr edilir və isteblişmentin diqqətini cəlb edir. Qısa müddət ərzində Corc Oruellin adı Qərb dünyasında məşhurlaşdı. Sovet sisteminin eybəcərliklərini əyani və inandırıcı şəkildə göstərdiyi üçün Oruell XX əsrin dahisi elan edildi, kitabları milyonluq tirajlarla çap olunmağa başladı. Bu gün Oruell Qərbin əsas dühalarından biridir, onun kitabları isə intellektualların stolüstü ədəbiyyatıdır. Sovetlər İttifaqında Oruell 80-ci illərin sonunda geniş auditoriyaya məlum oldu.

Oruellin əsərlərindən sadəcə bir neçə sitat gətirməklə heyranlığın mexaniki səbəblərini nümayiş etdirmək mümkündür: "İki vur iki'' partiya neçə deyirsə, o qədərdir. Ağ qaradır, qara ağdır. Azadlıq – köləlikdir''; "Böyük qardaş (dövlət) sənə hər yerdən baxır''; "Statistika həm ilkin, həm də dəyişdirilmiş redaksiyada fantaziyadan başqa heç nə deyil''; "Düzgün vətəndaş düşünməməlidir, düzgünlük qanda olmalıdır''; "Hakimiyyət vasitə deyil, məqsəddir. Hakimiyyətin yeganə məqsədi hakimiyyətdir''; "Keçmişi idarə edən gələcəyi idarə edir. İndiki zamanı idarə edən isə keçmişi idarə edir. Keçmiş və tarix nisbi anlayışlardır, müasir hakimiyyətə necə lazımdırsa, elə də dəyişdirilməlidir'' və s.

Oruell tənqidin əsas hədəfi olaraq SSRİ-ni və totalitar cəmiyyətləri seçmişdir, bu şübhəsizdir. Amma onun əsərlərində göstərilən yalnız şərq totalitarizmidirmi? Ədəbiyyat və fəlsəfə tədqiqatçıları yaxşı bilirlər: yazılan əsər öz həyatı ilə yaşayır və zaman keçdikcə yaradıcısının nəzərdə tutmadığı mənalar üzə çıxır. Şərq totalitarizminin bir çox zahiri və bəzi daxili əlamətlərini düz göstərmiş Oruell, bütün hallarda ömrünü demokratik Qərb cəmiyyətində yaşamışdır. Doğrudanmı onun əsərlərində qərb cəmiyyətinin təsiri yoxdur?

Cavab üçün Oruellin özünə müraciət edək. "1984'' romanının son hissəsində məlum olur ki, partiya funksionerləri insanı daxilən dəyişmək, tam dövlətə loyal etmək istəyirlər. Burada məqsəd insanların daxilinə müdaxilə, onları mövcud rejimi doğrudan, səmimi qəlbdən sevməyə məcbur etməkdir. Qeyd olunan məqam Oruell yaradıcılığı üçün mərkəzidir: totalitar dövlətin ən dəhşətli cəhəti insanların daxili aləminə soxulması, şəxsi fikirlər, ev, ailə münasibətləri kimi intim, toxunulmaz məkanların daima kiçildilməsi və yox edilməsidir. Oruellin totalitar dövləti vətəndaşların dəstəklərində səmimi olmaları, daxili və zahiri hisslərin eyniyyət təşkil etməsi üçün çalışır, bu yolda hər bir vasitəyə əl atır.

Problem bəs nədədir, məgər SSRİ bu tip totalitar cəmiyyət deyildimi? Məsələ də ondadır ki, yox, SSRİ-də belə dərinliyə gedə bilmədilər. Düzdür, keçən əsrin 20-ci və 30-cu illərində SSRİ-də yeni insan yaratmaq kimi ali məqsəd qoyulmuşdur, necə ki, eyni məqsəd həmin dövrdə alman faşizmi timsalında Qərbdə də bəyan edilmişdi. Lakin alman faşizminin tarixi qısa oldu, yeni insan yaradılması istiqamətində haraya qədər gedəcəyi qaranlıq qaldı. Sovet cəmiyyəti isə tam tsiklini yaşadı və araşdırma üçün daha yararlıdır. Belə ki, sovet cəmiyyətində yeni insan düzəltmək həvəsi sovet hakimiyyəti möhkəmləndikcə, Oruellin əksinə olaraq, zəifləyirdi. Artıq 70-ci illərdə daxili həyata müdaxilə halları kəskin azalmışdı. Hökumətlə vətəndaşlar arasında yazılmamış qayda təsbit edilmişdi: insanlar zahiri loyallıq nümayiş etdirir, dövlət isə onların daxili, siyasətdən qıraq işləri ilə az maraqlanırdı. Analoji hal günümüzdə Çində yaşanır.

Şərqdə avtoritar dövlətləri qayğılandıran zahiri loyallığın təmin edilməsidir. İnsanlar əslində inanıb inanmamaqda bir növ sərbəstdirlər, təki narazılıqlarını açıq şəkildə bildirməsinlər. Gözəl nümunələrdən biri müasir İrandır – dövlətin qadağaları insanların şəxsi evlərinin pilləkənlərində bitir, ev daxilində bir çox qadağaların pozulmasına dövlət göz yumur. Beləliklə, çöldə qadağalarla məhdudlaşdırılan vətəndaş, daxilən müəyyən formada azaddır və geniş düşüncə spektrinə malikdir.

Bəs Oruellin yazdığı, insanları hər yerdə təqib edən totalitar dövlət hardadı, yoxdurmu? Paradoksal şəkildə biz bu dövlətin bəzi əlamətlərini müasir Qərbdə, Oruellin vətənində görə bilərik. Demokratik totalitarizm demokratik və bazar dəyərlərindən başqa heç bir dəyəri qəbul etmir. Qərbdə vətəndaş zahiri rəngarənglik, müxtəliflik və azadlıqlar içində yaşayır, lakin daxilən birrəngli dünyaya məhkumdur. Dövlətin bütün təbliğat vasitələri, televiziyadan sosial şəbəkələrədək, vətəndaşları yalnız "demokratik'' ideala inandırmağa çalışır. Bu gün Qərbdə yaşayanlar üçün zahiri loyallıq nümayiş etdirmək kifayət deyil, demokratik totalitarizm konsepsiyasında onlar bu ideyaya səmimi inanmalıdırlar. Bunun üçün ən yaxşı beyinlər çalışır, yeni nəzəriyyələr və inandırma vasitələri icad edilir. Qərbdə insanların inancları uğrunda fikir müharibəsi bir dəqiqəyə də dayanmır.

Yuxarıda göstərdiyimiz kimi, şərqi avtoritarizm zahiri məcburiyyətlə kifayətləndi və bununla da öz süqutunu şərtləndirdi. Çünki insanları zahirən məcbur etmək çətin deyil və nisbətən tez mümkündür. Sonrakı mərhələdə isə avtoritar dövlət rahatlaşır, axı qələbə əldə olunub, təbəələr də sözə baxır. Bu sistemdə onların əslində nə fikirləşdikləri bir o qədər önəmli deyil, güc dövlətin əlindədir. Digər tərəfdən, avtoritar dövlət heç özü də bilmir, insanları necə inandırmaq lazımdır. Doğrudan inandırmaq kobud və zahiri məcbur etməkdən qat-qat çətin və intellektual vəzifədir. Nəticədə dövlət aparatının intellektual potensialı yavaş-yavaş atrofiyaya məruz qalır, daxili azadlıqları saxlanılan vətəndaşlar isə yavaş-yavaş aktivləşirlər.

Əksinə, Qərbdə lap əvvəldən məqsəd daxili razılığın əldə olunmasıdır. Bir şeyə səmimi inanan adam onu özününkü qəbul edir və nadir hallar xaric öz sistemi saydığına qarşı çıxış etmir. Beləliklə, Şərqdəki kobud gücü Qərbdə inandırma və şüurun manipulyasiyası əvəz etmişdir. Problem Şərqdə dövlətin "tənbəl və küt'', Qərbdə isə "aktiv və ağıllı'' olması ilə bağlı deyil yalnız. Tarixən Şərqdə insanların daxili azadlıqları zahiri azadlıqlarından daha üstün tutulmuş, "ailə'', "ev, şəxsi ərazi'' və sayır bu tipli institutlar daha sakral məna daşımışdır.

İlk baxışda inandırma kobud gücdən daha yaxşıdır: zorən məcbur edilmək heç kimin xoşuna gəlmir, hamı istəyir ki, onu inandırsınlar. Amma burada üç məqam var: birincisi, Qərbin inandırılan orta statistik adamının demokratiya və bazar iqtisadiyyatına kortəbii inancı dini fanatikin inancına bənzəməyə başlayır; ikincisi, Qərbin inandırma texnologiyalarında zorakılıq və totallıq elementləri artır; üçüncüsü, inandırmanı şüurun manipulyasiyası əvəz edir.

Qərbin demokratik insanı kritik düşünmək qabiliyyətini itirməyə başlayır. 90-cı illərin əvvəlində filosof Frensis Fukuyama, hətta, Qərb modelinin bəşər zəkasının zirvəsi olması səbəbindən tarixin sonunun çatdığını iddia etmişdir. Daxilən hamının eyni cür düşündüyü və sistemin əsaslarına tənqidi yanaşmanın aradan qaldırıldığı toplum totalitar deyilmi? Oruell üst təbəqələrin məhz belə, təbii tabeçiliyi arzuladıqlarından yazmamışdımı? Digər tərəfdən, texnologiyaların inkişafı Oruellin yazdığı total izləməni mümkün edir. Mobil vasitələr, sosial şəbəkələr, evlərdə quraşdırılan məişət cihazları və televizorlar, küçələrdəki veb kameralar insanların daima izlənildiyi mühit yaradır.

Yenə də, tam Oruellə uyğun olaraq, ikili effekt baş verir: müasir texnologiyalar fərdin şəxsi, privat ərazilərinin kiçilməsinə və daxili fikirlərinin aşkarlanmasına yardım edir. Faktiki olaraq, Qərbdə artıq fikirlərə görə cəzalandırma praktikası tətbiq olunmağa başlanıb. Bir kəsin şəxsi kompüterində, mobil telefonunda saxladığı və heç kimlə bölüşmək niyyətində olmadığı mübahisəli şəxsi fikirləri aşkarlandıqda, həmin şəxs üçün problemlər başlanır. İnternetdə axtarılan sözlər və saytlar veb şirkətlər tərəfindən qeydə alınır və sonradan vətəndaşlara qarşı bu məlumatlardan istifadə edilir. Halbuki, fikirlərə görə (diqqət edin – söhbət sözdən də yox, məhz fikirdən gedir) cəzalandırmamaq klassik hüququn sütunlarından biridir.

Deyilənlərdən heç də nəticə çıxarılmamalıdır ki, vətəndaşları inandırmaq lazım deyil və kobud güc yaxşı vasitədir. Ən yaxşı yol, mümkündür ya yox daha ciddi araşdırmanın mövzusudur, inandırmanın daxili azadlıqlar qorunub saxlanılmaqla aparılmasıdır. Ola bilsin nə vaxtsa keçmişdə Qərbdə belə yanaşma olub, lakin bu gün, əfsuslar olsun ki, oruellsayağı tendensiyalar qalib gəlir.

Newtimes.az