Siyəzən, 11 mart, Elxan Yusifli, AZƏRTAC
Martın 11-i gecə saatlarında Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun Siyəzən rayonunun Gilgilçay kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, Qobustan rayon sakini Arif Balayevin idarə etdiyi 99-ZB-395 dövlət nömrə nişanlı “MAN” və Yevlax rayon sakini Yaqub Səfərovun idarə etdiyi 90-MZ-598 dövlət nömrə nişanlı “KAMAZ” markalı yük avtomobillərinin toqquşması nəticəsində bir nəfər dünyasını dəyişib. Qəza zamanı ağır bədən xəsarətləri alan “MAN”-ın sürücüsü Arif Balayev FHN-nin yanğınsöndürən-xilasediciləri tərəfindən maşından çıxarılaraq Təcili Tibbi Yardım xidmətinə təhvil verilib. Sürücünün vəziyyəti ağır olduğundan ilkin tibbi yardım göstərilməsinə baxmayaraq, Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib.
Hadisə zamanı hər iki yük avtomobili Quba rayonu istiqamətində hərəkətdə olub. Qəzaya avtomobillər arasında ara məsafəsinin düzgün saxlanılmamasının səbəb olduğu ehtimal edilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalara başlanılıb.