Yaşadıqları şəraitin dözümsüzlüyünə baxmayaraq sahibkar onları məhkəməyə verib
Bərdənin Cəyirli kəndində keçmiş çörək kombinatı 23 ildir doğma torpaqlarından didərgin düşmüş Ağdam və Kəlbəcər rayonlarından olan insanların sığınacaq yeridir. Hazırda 10 ailə çətin şəraitdə burada məskunlaşıb. Məcburi köçkünlər deyirlər ki, qış fəslində dam örtüyü dağılmış tikililərin içərisinə qar və yağış suları tökülür. Torpaq döşəmə və beton divarlar əsl xəstəlik mənbəyidir. Şəraitsizlikdən ən çox əziyyət çəkənlər isə azyaşlılardır.

“Qış gəldi, yağışın qabağını kəsmək mümkün olmur: “Evə qab düzürük, otaqlar nəmlənib. Həmişə uşaqlara və özümüzə müalicə götürürəm. Əlimizə gələn pulların hamısı iynəyə-dərmana gedir”, – deyə məcburi köçkün Aypara Əsədova bildirib.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, məcburi köçkünlər deyirlər ki, yayda da həşaratların əlindən içəri girmək olmur.

Burada yay vaxtı ilanların da körpələr üçün təhlükə saçdığı bildirilir.

Bütün bu çətinliklər bir yana, indi məcburi köçkünlər buradan da çıxarılmaları üçün sahibkar tərəfindən məhkəməyə veriliblər. Yerli məhkəmə də məcburi köçkünlərin çörək kombinatından çıxması haqda qərar qəbul edib. Məsələyə aydınlıq gətirməsi üçün Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə dövlət komitəsinin Bərdə rayon nümayəndəsi Sərdar Zeynalovla əlaqə saxladıq.

“Hər bir məçburi köçkün yeni inşa olunan qəsəbədən ev almaq istəyir. Amma bunları eyni vaxtda mənzillə təmin etmək mümkün deyil. Çox güman ki, növbəti köçürmələr zamanı dövlət komissiyası məhkəmə qətnaməsini və köçkünlərin ağır şəraitdə yaşadıqlarını nəzərə alacaq”, – deyə Sərdar Zeynalov fikrini açıqlayıb.

Sərdar Zeynalov onu da bildirdi ki, sahibkarla da söhbət aparılıb. Köçürmənin növbəti mərhələsinə kimi ərazidəki məcburi köçkünlər evsiz qalmayacaqlar.

Milli.Az

Videonu izləmək üçün şəkillərə klikləyin.

фото