Bakı, 10 mart, AZƏRTAC
“Nizami” Kino Mərkəzində “Amerika günləri” festivalının açılışı olub. Festival ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilib.
AZƏRTAC xəbər verir ki, “Amerika günləri” martın 10-dan 14-dək Bakıda, habelə Qəbələ, İsmayıllı, Sumqayıt, Quba, Şəki və Zaqatalada keçiriləcək.
2 nömrəli internat məktəbinin uşaq orkestrinin ifasında Azərbaycan Respublikasının və Amerika Birləşmiş Ştatlarının dövlət himnləri səsləndirilib.
“Amerika günləri”nin açılışında çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta qeyd edib ki, “Amerika günləri” festivalı Azərbaycanda ilk dəfə keçirilir. O, əmin olduğunu bildirib ki, festival iki ölkə arasında mədəni əlaqələrin genişlənməsinə kömək göstərəcək, azərbaycanlıların Amerikanı daha yaxından tanımasına imkan verəcəkdir.
Səfir deyib: “Festivalın proqramı rəngarəngdir. Onun keçirilməsindən məqsəd Amerikanı daha yaxından tanıtdırmaqdır. Biz hindu rəqs qrupunu, aşbazları, Amerikanın ən qədim katolik Corctaun Universitetinin imamını gətirmişik. Bütün bunlar ölkəmizi daha yaxşı tanımağa imkan verəcək, mədəniyyətlərarası dialoqa töhfə olacaqdır”.
R.Sekuta festivalın keçirilməsinə kömək göstərdiyinə görə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirib.
Sonra konsert proqramı nümayiş etdirilib. Proqramı “Break of Reality” musiqi qrupu və Mərdəkandakı 2 nömrəli internat məktəbinin uşaq ansamblı açıb. Ansambl kovboylar rəqsini ifa edib.
“Amerika günləri” çərçivəsində 5 gün müddətində bir sıra tədbirlər, o cümlədən müxtəlif müsabiqələr, təqdimatlar keçiriləcək, ABŞ-ın mədəni ənənələrinə və mətbəxinə həsr olunmuş sərgilər və yarmarkalar təşkil ediləcəkdir.
Məsələn, Azərbaycan kinoteatrlarında uşaqlar üçün Amerika filmləri, “Nizami” Kino mərkəzində Amerika kinematoqrafının klassik filmləri göstəriləcəkdir.
Tədbirlər arasında “Amerikada müsəlmanların həyatı” mövzusunda təqdimat, Bülbül adına Musiqi məktəbində və Bakı Caz Mərkəzində konsertlər nəzərdə tutulub.