Vatikan, 10 mart, AZƏRTAC
Romada təhsil alan azərbaycanlı fəal tələbələr Həsən İsgəndərov və Elçin Nəsibov Vatikanda Müqəddəs Taxt-Tacın mədəniyyət nazirinin müavini Melchor Sanchez de Toca y Alameda ilə görüşüblər.
Azərbaycanla əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən Melchor Sanchez de Toca y Alameda Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Vatikanda həyata keçirilən layihələrin təkcə xristian dünyası üçün deyil, bütün bəşəriyyət üçün xüsusi əhəmiyyətə malik olduğunu bildirib.
Həsən İsgəndərov görüşdə Azərbaycan Tələbə Şəbəkəsi (ASN) barədə Vatikanın mədəniyyət nazirinin müavininə məlumat verib. Bildirilib ki, bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyev “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nı qəbul etdikdən sonra minlərlə gəncin xarici ölkələrdə təhsil aldığı və dövlətin gənclərə hər zaman dəstək göstərdiyi qeyd olunub. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar və həyata keçirdiyi proqramlar Melchor Sanchez de Toca y Alamedanın diqqətinə çatdırılıb.
Görüşdə tələbələr 23 il bundan əvvəl Xocalıda günahsız yerə qətlə yetirilmiş həmvətənlərimizin ruhuna Roma Papası Fransiskin dua etməsini Vatikanın səlahiyyətli nümayəndəsindən xahiş ediblər. Melchor Sanchez de Toca y Alameda tələbələrin xahişini Roma Papası Fransiskə çatdıracağına söz verib.
Azərbaycan Tələbə Şəbəkəsinin Vatikanla gələcək layihələri müsbət qarşılanıb və əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə dair razılaşma əldə olunub.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma