Bakı, 10 mart, AZƏRTAC
Martın 10-da Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksinin Amerika mərkəzində “Azərbaycanda “Amerika günləri”nin açılış mərasimi keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, ABŞ-ın ölkəmizdəki səfirliyinin və ADU-nun Amerika mərkəzinin birgə təşkilatçılığı ilə təşkil edilən tədbirdə əvvəlcə Azərbaycanın və ABŞ-ın dövlət himnləri səsləndirilib.
Açılış mərasimində ADU-nun Amerika mərkəzi haqqında məlumat verilib. Bildirilib ki, mərkəz ADU-da ikitərəfli sazişə əsasən 2007-ci ildən uğurla fəaliyyət göstərir.
Mərasimdə çıxış edən ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Amerika mərkəzində xoş hadisənin qeyd olunduğunu söyləyib. Rektor Səməd Seyidov bu gün genişlənən, yenilənən, müasir texnologiyalara və tələblərə cavab verən, ən yüksək standartları özündə ehtiva edən Amerika mərkəzinin Amerika Birləşmiş Ştatlarının təhsil, mədəniyyət, texnoloji inkişaf səviyyəsinin Azərbaycan vətəndaşlarına, tələbələrinə, universitetlərinə təqdim etdiyini bildirib. Azərbaycan-ABŞ arasındakı diplomatik və mədəni əlaqələrin daim inkişaf etdiyini deyən rektor bu əlaqələrin möhkəmliyindən söz açıb. ADU-nun dünyanın müxtəlif dillərini tədris edən ali təhsil müəssisəsi olduğunu deyən Səməd Seyidov bu dillərin içərisində ən ali dilin demokratiya, insanlıq, inkişaf, mədəniyyət, təhsil dili olduğunu vurğulayıb. Sərgidə göstəriləcək rəsm əsərlərinin Amerika mərkəzinin Azərbaycanda nüfuzunu yüksək səviyyəyə qaldıracağını, ABŞ haqqında məlumatı daha geniş auditoriyaya çatdıracağını, həmçinin iki ölkəni bir-birinə daha da yaxın edəcəyini vurğulayıb.
ABŞ-ın Azərbaycana yeni təyin olunan səfiri Robert Sekuta “Amerika günləri”nin açılışında iştirak etməkdən məmnunluğunu ifadə edib. Səfir tədbirin keçirilməsinin əsas məqsədinin çoxçeşidli, rəngarəng və zəngin ABŞ mədəniyyətinin nümunələrini təqdim etmək olduğunu söyləyib.
Xalq rəssamları Ömər Eldarov, Ağəli İbrahimov çıxış edərək bu kimi sərgilərin keçirilməsinin Azərbaycan-ABŞ əlaqələrinə əhəmiyyətli təsirindən söz açıblar.
Tədbirdə “Amerika günləri” ərzində həm Amerika mərkəzində, eyni zamanda Bakı şəhərində yerləşən digər məkanlarda, həmçinin Azərbaycanın müxtəlif bölgələrində rəngarəng proqram və tədbirlər keçiriləcəyi bildirilib.
Mərasimdə bir sıra ali təhsil müəssisələrinin tələbə və şagirdlərinin əl işləri nümayiş olunub.
Qeyd edək ki, sərgilənən nümunələrə baxış əsasında 3 nəfər ABŞ səfirliyi tərəfindən martın 14-də mükafatlandırılacaq.


