Kuala-Lumpur, 10 mart, AZƏRTAC
Malayziyada fəaliyyət göstərən universitetlərin təşkilatçılığı ilə beynəlxalq xeyriyyə sərgisi keçirilib.
Sərgidə Malayziyada təhsil alan, 35 xarici ölkəni təmsil edən tələbələr, o cümlədən azərbaycanlılar iştirak ediblər. Sərginin əsas məqsədi hər bir iştirakçı ölkənin dövlət atributlarını, iqtisadiyyat, mədəniyyət, turizm, mətbəx, milli geyim və məşhur brendlərini təşviq etmək, Malayziya və digər ölkələr arasında mədəniyyətlərarası əlaqələrin inkişafına dəstək vermək, müxtəlif mədəniyyətlərə məxsus xalqların adət-ənənələri ilə tanışlıq imkanı qazanmaq olub.
Azərbaycanın Malayziyadakı səfirliyinin dəstəyi və bir qrup azərbaycanlı tələbənin iştirakı ilə qeyd olunan beynəlxalq xeyriyyə sərgisində ölkəmiz təmsil olunub.
Azərbaycan üçün ayrılmış pavilyonda dövlət atributlarımız, Bakı şəhərinin qədim və müasir dövrünü əks etdirən fotoşəkillər, “Gilan Holding” şirkətinin istehsalı olan məhsullar, Azərbaycan xalçaları, milli geyimləri, suvenirlər, ölkəmizin mədəniyyəti haqqında məlumatları özündə ehtiva etdirən jurnal və bukletlər sərgilənib.
Azərbaycan pavilyonunu ziyarət edənlər ölkəmizin müxtəlif sahələrini əks etdirən materiallar, o cümlədən eksponatlar, əşyalar və plakatlarla tanış olublar. Onlara səfirlik tərəfindən hazırlanmış milli şirniyyatlar, “Gilan” şirkətinin istehsalı olan məhsullar, ölkəmizin turizm və mədəniyyətini əks etdirən jurnal və bukletlər, həmçinin suvenirlər hədiyyə olunub.
Sərgi çərçivəsində təşkil olunmuş mədəni proqram zamanı iştirakçı ölkələrin nümayəndələri əllərində bayraq tutaraq, milli geyimdə səhnəyə çıxıb, ziyarətçiləri ana dilində salamlayıb, öz bacarıqlarını nümayiş etdiriblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala-Lumpur