Bakı, 10 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Seyid Əbülqasim Nəbatinin Təbriz Mərkəzi Kitabxanasında saxlanan anadilli divanının surətini əldə edib.
Əlyazmalar İnstitutundan AZƏRTAC-a bildiriblər ki, cəmi 287 səhifədən ibarət olan Nəbati divanının Təbriz nüsxəsində şairin Azərbaycan dilində yazdığı 12 qəsidə, 37 qəzəl, 50 rübai, 1 məsnəvi, 1 tərcibənd, 8 müstəzad, 1 müsəddəs, 11 dübeyt, 5 təkbeyt, 11 qoşma, 5 gəraylı, 5 təcnis, 1 müləmmə və farsca bir sıra şeirlər toplanıb. Əlyazmada şairin əsərlərinin Bakı nəşrlərinə düşməmiş bir sıra şeirləri vardır.