Rusiya ancaq vətənpərvərlik və ənənəvi dəyərlər mövzusunda çəkilən filmlərə dəstək verəcək.

Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ölkənin Mədəniyyət Nazirliyi bu il film sektoruna verəcəyi maliyyə dəstəyinin şərtlərini açıqlayıb.

Şərtlərə görə, maliyyə dəstəyi Krım və Ukraynada Rusiyanın min illik hökmranlığı, Rusiyanın hərbi zəfərləri, rus klassiklərinin əsərlərinin ekranlaşmaları, korrupsiya və cinayətlə mübarizə aparan müasir qəhrəmanlar, 1991-ci il çevrilişinin 25-ci ili, 1917-ci il Rusiya inqilabının 100-cü ili, ailə dəyərləri, vətənpərvərlik və təsirli uğur hekayələri ilə bağlı filmlərə ayrılacaq.

Bundan başqa, hökumətin siyasi xəttinə zidd olan filmlərin çəkilişinə, onun tamaşaçıya təqdim olunmağına və xarici festivallara qatılmağına çətinliklər yaradılacaq. “Müxalif” filmlərə misal olaraq “Oskar”a namizəd olan “Leviafan”ın adını çəkmək olar.

Qeyd edək ki, Nazirlik keçən ay Krım və Ukraynadakı ailə dəyərləri və vətənsevər mövzulu filmlər üçün ssenari müsabiqəsi elan edib. Qalibə 100 min rubl (1700 manat) təqdim olunacaq.