Quba, 9 mart, Elxan Yusifli, AZƏRTAC
Martın 8-9-da Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb.
Quba Regional Hidrometeorologiya Müəssisəsindən AZƏRTAC-a bildiriblər ki, ən çox yağıntı Qusarın Ləzə kəndinə düşüb. Burada qarın hündürlüyü 18 santimetrə çatıb. Bundan başqa, Qubanın Susay, Xınalıq, Qusarın Kuzun və Xızı rayonunun Altıağac qəsəbəsində də yağıntının miqdarı çox olub. Quba və Qusarın mərkəzinə isə 3-4 santimetr qar yağıb.
Qarın yağması ilə əlaqədar şimal bölgəsində hava soyuyub, dağlıq ərazilərdə gecə saatlarında temperatur mənfi 7-9 dərəcəyədək aşağı düşüb.
Quba Regional Hidrometeorologiya Müəssisəsindən bildirilib ki, martın 9-u səhər saatlarından başlayaraq şimal bölgəsində artıq temperaturun yüksəlməsi müşahidə olunur. Müəssisənin mütəxəssislərinin sözlərinə görə bu cür hava şəraiti martın ilk ongünlüyündə şimal bölgəsi üçün xarakterikdir.
Qeyd edək ki, qarın yağması Quba və Qusarın ucqar kəndlərinə gedən yollarda çətinlik yaratmayıb.