Cəlilabad, 8 mart, AZƏRTAC
“Ana dünyada ən müqəddəs varlıqdır. Ona görə də biz ana Vətən, ana torpaq deyirik. İkinci dünya müharibəsində qadınlarımız kişilərlə bərabər böyük qəhrəmanlıq və fədakarlıq göstərərək qələbənin əldə olunmasında böyük əmək, qüvvə və bacarıq sərf ediblər. Müstəqilliyimizin ilk illərində Qarabağ döyüşlərinin ən ön səngərlərində qəhrəmanlıqla vuruşan qadınlarımızla fəxr edirik. Müasir dövrdə Azərbaycan qadını inkişaf etmiş sivil ölkələrin qadınlarından geridə qalmır, hətta elmin bir sıra sahələrində öndə gedir”.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Cəlilabad şəhərində Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirdə səsləndirilib.
Bayram mərasimində çıxış edənlər rayonun ictimai-siyasi həyatında fəal iştirak edən, dövlət, elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan, həmçinin bir çox ictimai təşkilatlara və birliklərə rəhbərlik edən qadınları əlamətdar gün münasibətilə təbrik ediblər.
Qeyd olunub ki, müasir dövrümüzdə Azərbaycan qadını həyatımızın bütün sahələrində kişilərlə bərabər uğurla fəaliyyət göstərir. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva özünün çoxsahəli fəaliyyəti ilə bütün dünyaya sübut edir ki, Azərbaycan qadını həm gözəl ana, həm də fəal ictimai xadimdir.
Mərasimdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınların bir qrupuna fəxri-fərmanlar və qiymətli hədiyyələr verilib.
Bayram süfrəsi arxasında davam edən tədbirdə rayonun bədii özfəaliyyət kollektivləri rəngarəng konsert proqramı ilə çıxış ediblər.