Qazax, 7 mart, AZƏRTAC
Qazax Rayon İcra Hakimiyyətində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov qadınları bayram münasibətilə təbrik edib. Bildirib ki, ümummilli lider Heydər Əliyev hər zaman qadınların əməyini yüksək qiymətləndirib. Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Milli-mənəvi dəyərlərimizin, adət və ənənələrimizin keşiyində şərəflə dayanan qadınlarımız həmişə Azərbaycanın müstəqilliyi, güclü və qüdrətli dövlətə çevrilməsi yolunda böyük işlər görüblər. Dövlət quruculuğunun bütün sahələrində səylə çalışan və uğurlar qazanan qadınlarımız ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasında, müstəqil dövlətçiliyimizin daha da möhkəmləndirilməsində, elmin, mədəniyyətin, ədəbiyyatın inkişaf etdirilməsində əvəzolunmaz xidmətlər göstəriblər.
Tədbirdə vurğulanıb ki, Azərbaycan xalqının milli-mədəni irsinin öyrənilməsində, xalqımızın dərin köklərə malik musiqisinin, ədəbiyyatının və mədəniyyətinin təbliğində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti örnək kimi qəbul edilir. Fəaliyyəti ilə müasir Azərbaycan qadınının obrazını yaradan, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın gördüyü işlər beynəlxalq miqyasda da yüksək qiymətləndirilir.
Qeyd olunub ki, qazaxlı qadınlar da bu gün ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin fəal müdafiəçiləri və iştirakçılarıdırlar. Rayonun qadınları tarixin taleyüklü məqamlarında həmişə öz sözlərini deyiblər və milli maraqlara söykənən mövqelərini nümayiş etdiriblər.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınlara gül dəstələri və qiymətli hədiyyələr verilib.