Bu gün Kənd Təsərrüfatı Nazirliyində bəziləri üçün unudulmaz, bəzi məmurlar üçün sonuncu olan bir iclas keçirilib. Nazir Heydər Əsədovun sədrli ilə “Aqrolizinq” ASC-nin 2014-cü ildəki fəaliyyətinə həsr olunan toplantı kəskin tənqidlərlə yadda qalıb. Nazirin qəzəbinə tuş gəlib işini itirənlər də var.

ANS TV-nin məlumatına görə, iclasda ayrı-ayrı bölgələr üzrə ciddi qanun pozuntularına yol verildiyini deyən nazir filial rəhbərlərini əvvəlcədən xəbərdar etdi. Heydər Əsədov dedi ki, xüsusilə gübrələrin satışında ciddi nöqsanlar var. Yeni texnikalar da yararsız hala salınıb.

“Aqrolizinq” ASC-nin sədrinin çıxışından sonra ayrı-ayrı bölgələr üzrə filial rəhbərləri danışdı. Satdığı gübrənin pulunu toplamaqda çətinlik çəkdiyini deyən Beyləqan rayonu “Aqroservis”in rəhbəri nazirin ciddi iradı ilə üzləşdi.

Daha sonra Goranboy rayonu “Aqroservis”in rəhbəri nazirə öz təşəkkürünü bildirmək istəsə də, gözləmədiyi reaksiya ilə qarşılaşdı.

Onun fəaliyyət göstərdiyi müəssisədə qanun pozuntuları əsasən texnikalardan istifadəyə görə ödənişlərin qaydaya uyğun aparılmaması ilə bağlı idi.

Xocavənd rayonu üzrə “Aqroservis” filialının göstəriciləri yüksək olsa da, sədr iclasa hazırlıqsız gəlmişdi.

Məlum oldu ki, Qusar rayonu “Aqroservis” filialının rəhbəri gübrə satışından xəbərsizdir. Daha sonra iclas mətbuata qapalı şəraitdə davam etdi.

Beləliklə, işindəki nöqsanlara görə, 8 “Aqroservis” filialının rəhbəri işdən azad olunub. “Aqrolizinq” ASC-nin sədri Elşən Məmmədova xəbərdarlıq olunub. Müavini Aydın Əzizova töhmət verilib, qurumun Aqrotexniki xidmət və təchizatın təşkili şöbəsinin müdiri Sənan Zeynalov isə işdən azad olunub.

Mənbə
ANS TV: Diana Dadaşova