[ 05 Mart 2015 15:03 ]
Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Nar Mobile” mobil operatorunun nümayəndə heyəti dünyanın aparıcı İKT şirkətləri, telekommunikasiya nəhəngləri və mobil operatorlarının qatıldığı Ümumdünya Mobil Konqresində (GSMA Mobile World Congress) iştirak edib.
Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, mart ayının 2-də İspaniyanın Barselona şəhərində işə başlayan bu ənənəvi tədbirdə yeni bazar trendləri, texnologiya nailiyyətləri, çağdaş ideya və təşəbbüslər, mobil rabitənin gələcək perspektivləri kimi önəmli məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, interaktiv sessiyalar keçirilib, panellər və diskussiyalar təşkil edilib. Konqresə dünyanın İKT sahəsində fəaliyyət göstərən ən nəhəng şirkətlərinin rəhbərləri və baş icraçı direktorları da qatılıblar.
Tədbirdə aktiv iştirak edən “Nar Mobile” nümayəndələri digər konqres iştirakçıları ilə birlikdə geniş diskussiyalara qatılıb, təcrübə mübadiləsi aparıb, telekommunikasiya sahəsində tətbiq edilən yeniliklər və innovativ dəyişikliklər haqqında fikirlərini bölüşüblər. “Nar Mobile” təmsilçiləri Ümumdünya Mobil Konqresi çərçivəsində təşkil edilən mobil texnologiyalar sərgisində də iştirak ediblər. Qeyd edək ki, dünyanın müxtəlif ölkələrindən olan minlərlə qonağın qatıldığı dördgünlük mötəbər tədbirdə fərqli sessiyalar keçirilib.